Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası açıldı
Oktyabrın 12-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəb rektorları, yazarlar və mədəniyyət xadimləri iştirak edib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, üç mərtəbədən ibarət mərkəzdə uşaq və yeniyetmələrin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 2.000 kv.metr olan mərkəzin 1-ci mərtəbəsində gözləmə zalı, mətbəx, 2-ci mərtəbədə ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada hərəsi 1 olmaqla rəsm, musiqi, elm, bacarıqlı əllər, hərəsi 2 olmaqla robototexnika, məktəbəhazırlıq, hərəsi 3 olmaqla inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 18 otaq - 2 rəqs zalı, teatr studiyası, 2 rəsm və məşğələ otağı, 4 soyunub-geyinmə otağı, kostyum otağı, konfrans zalı, 4 inzibati və 2 köməkçi otaq mövcuddur.
Mərkəz fəaliyyətini 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada Multielm, Multirəsm, Məktəbəhazırlıq, Robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət üçün beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlim keçirilib.
Qonaqlara mərkəzdə fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumat verilib. Bildirilib ki, mərkəzin ikinci mərtəbəsində böyük məkanda yerləşən, uşaqların məktəbdənkənar kurikulum əsasında bacarıqlarını inkişaf etdirən bu kurslarda uşaqlar cəlbedici tədris proqramlarının köməyi ilə təsviri sənət aləmi ilə yaxından tanış ola, musiqi bacarıqlarını inkişaf etdirə bilərlər.
Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncə, təxəyyülün inkişafına yardım edəcək. “Multicentr” layihəsinin bir hissəsi olan “Multielm” modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması imkanı verəcək.
Mərasim mərkəzin üzvləri olan respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının ifaları ilə davam etdirilib.
Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək mərkəzin kollektivini yeni bazanın fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Nazir son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rolunu diqqətə çatdıran təhsil naziri burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını vurğulayıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır.
Mərkəz 43 illik fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə uğurla iştirak edib, dəfələrlə beynəlxalq festival və müsabiqələrin qalibi olub. Mərkəzin yetirmələri Gürcüstan və İtaliyada keçirilmiş festivallarda “Qran-pri” mükafatına, həmçinin Türkiyə, Amerika, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Yaponiya, İngiltərə, Yunanıstan, Misir, İordaniya, Norveç, Hindistan, Niderland, Avstriya, İtaliya və digər ölkələrdə keçirilən müsabiqə, sərgi festivallarda I, II ,III yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.
234