Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatına start verilib. Çempionatın keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.
Yarışın baş hakimi Valeri Bağırov deyib ki, yarışa qatılan idmançılar respublikanın 7 regionunun 24 idman klubunu təmsil edir. Üç mərhələdən ibarət çempionatda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.
İştirakçılardan Adnəliyeva Pərvanə ekstrim idman növlərini çox sevdiyini deyib: “Əslində burda riskli bir şey yoxdur. Çünki burda bizə bütün təhlükəsizlik tədbirləri görülür”.
Yarışın kişilər arasında keçirilən ilkin mərhələsində paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Qusar və Qaxdan gələn idmançılar öz güc və əzmlərini nümayiş etdirdilər.
Noyabrın 9 və 10-da keçirilən çempionatda Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının idmançıları ilə yanaşı xarici idmançılar da iştirak edir.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı bu ilin iyun ayında Dövlət Bayraq Meydanında keçirilib.
Bakıda İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçirilir
724