Yaxın vaxtlarda marşrut avtobusları dayanacaqlarında “Wi-Fi” şəbəkəsi yaradılacaq. Bu barədə APA TV-yə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, 2015-ci il Avropa Olimpiya Oyunlarının keçirilməsinə kimi bütün dayanacaqlarda bu sistem quraşdırılacaq.
Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənovun sözlərinə görə, yeni quraşdırılacaq sistem Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq: “Əsas məqsəd Avropa Olimpiya Oyunlarında əhaliyə və turistlərə xidmət etməkdir. Artıq turistlər istənilən vaxt dayanacaqda sərbəst şəkildə internetə qoşula biləcək və məlumatları asanlıqla əldə edib ötürə biləcəklər”.
Namiq Həsənov deyir ki, “Wi-Fi” şəbəkəsinin eyni zamanda avtobuslarda da tətbiq edilməsi nəzərdə tutulur. Artıq bir sıra avtobuslarda quraşdırılan monitorlarda “Wi-Fi” işarəsini görmək mümkündür. Məlumat üçün deyim ki, Bakıda fəaliyyət göstərən “London” taksiləri və “189 qaynar xətt”i ilə fəaliyyət göstərən taksilər artıq pulsuz “Wi-Fi” internet sistemi ilə təmin olunub. Sərnişin avtobuslarında da eyni şəbəkənin quraşdırılması mövzusu məhz bundan sonra gündəmə gəlib.
Avtobuslarda tətbiq edilən yeniliklərdən biri də təhlükəsizlik kameralarının quraşdırılmasıdır. Bu proses ilin əvvəlində başlasa da, lakin bir qədər ləngimələr yaranıb. Namiq Həsənov deyir ki, quraşdırılan təhlükəsizlik kameraları ilkin olaraq pilot layihə kimi tətbiq edilib. Əhalinin təhlükəsizliyi baxımından gələcəkdə bütün marşrut avtobuslarında bu sistem tətbiq ediləcək.
Bakıda avtobuslarda “Wi-Fi” quraşdırılacaq - APA TV
1517