Martın 7-də səhər saat 6:00-dan başlayaraq “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şəhərin müxtəlif yerlərində “Biz sizi unutmadıq - 4” adlı aksiya keçirib. Lent.az-ın məlumatına görə, təşkilatın üzvləri Bakının müxtəlif küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər.
Aksiyanın əsas məqsədi 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub.
Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, artıq 4 ildir 8 Mart öncəsi paytaxtda “Biz sizi unutmadıq ” adlı aksiya keçirilir: “Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz qadınlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk, digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol oynayan analarımıza öz qayğılarını əsirgəməsinlər”.
Aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızıl güllər təqdim edilib.