3 fevral 2013. Möhsün Sənani küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində 133 saylı sərnişin avtobusu yol kənarındakı 10 MC 500 dövlət nişanlı “Nissan Teana” markalı avtomobilə çırpılıb.
8 aprel 2013. Bakının Xəzər rayonunda “Otoyol” markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb.
18 aprel 2013. Bir gündə Bakıda 3 avtobus qəzası baş verib. Nəticədə 30-dan çox sərnişin yaralanıb. Birinci hadisə “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb. Belə ki, 189 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “KamAZ” markalı yük maşını toqquşub və nəticədə 6 nəfər ağır yaralanıb. İkinci hadisə Bayıl qəsəbəsindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. 88 və 124 saylı avtobusların toqquşması nəticəsində 10 nəfər xəsarət alılb. Üçüncü hadisı Bakı Dairəvi Yolunda qeydə alınıb. “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkət edən 211 saylı avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfərə qədəri xəsarət alıb.
23 aprel 2013. 91 saylı ”Otoyol” markalı avtobus “Biləcəri dairəsi” yaxınlığında kafeyə çırpılıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
26 aprel 2013. Balaxanı-Novxanı yolunda 123 saylı avtobusla “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə avtobusda sərnişinlərdən bir neçəsi yaralanıb.
28 aprel 2013. Sərnişin avtobuslarının iştirakı ilə iki ağır yol qəzası baş verib. Birinci halda Zabrat dairəsində “Daewoo” markalı, 10 TF 271 nömrə nişanlı sərnişin avtobusu “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ölüb. İkinci hadisə Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində “Transgeyt” MMC-yə məxsus olan “Daewoo” markalı, 10 TE 608 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə piyada - 1945-ci il təvəllüdlü Mirzəxan Sultanov hadisə yerindəcə keçinib.
30 aprel 2013. Xırdalan şəhərinin girişində 135 saylı marşrutla hərəkət edən sərnişin avtobusu yanıb. 10 TE 775 dövlət nömrə nişanlı avtobusda alovlanma qeydə alınan kimi sərnişinlər dərhal düşürülüb, hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları, həmçinin təcili tibbi yardım gəlib. Yanğına səbəb avtobusun təkərlərinin qəfildən alovlanması olub. Sonradan alov avtobusun salonuna keçib.
4 may 2013. Sabunçu rayonu Maştağa qəsəbəsinin girəcəyində 166 saylı avtobus yüksək sürətlə hərəkət edərək “Kamaz” markalı yük avtomobilinə dəyib və sonradan divara çırpılıb. Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürən-xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Qəzada 10-dan çox insan yaralanıb.
14 may 2013. Səbail rayonunda sərnişin avtobusunun törətdiyi yol qəzasında 2 nəfər ölüb. Belə ki, “Daewoo” markalı sərnişin avtobusu “Toyota” markalı minik avtomobilinə çırpılıb. Nəticədə xilasedicilər “Toyota”da olan 2 nəfərin cəsədi çətinliklə çıxara biliblər.
18 may 2013. Nəsimi rayonunda 30 saylı sərnişin avtobusu “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 4 yaralı xəstəxanaya gətirilib.
22 may 2013. Binəqədi şosesində 161 saylı “Daewoo” markalı sərnişin avtobusu ilə 2 nəfəri vurub. Nəticədə piyadalardan biri aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər piyada ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
26 may 2013. Maştağa-Bilgəh marşrutu üzrə hərəkət edən “Daewoo” markalı avtobus Zabrat körpüsünün yaxınlığındakı “Məmmədyarov dairəsi”ndə yoldan çıxaraq ağaclığa girib. Sürətin təsirindən yol qırağındakı bir neçə ağac sınıb, avtobusa ciddi ziyan dəyib, bir neçə sərnişin yaralanıb.
6 iyun 2013.105 saylı xətt marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu Zabrat qəsəbəsində qəza törədib. Nəticədə 9 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
13 iyun 2013. Səbail rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Salyan şosesində 205 saylı “İsuzu” markalı sərnişin avtobusu “Dodge Drango” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü, eləcə də avtobusda olan 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Minik avtomobilinin sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.
8 iyul 2013. Suraxanı rayonunda 113 saylı avtobus qəzaya uğrayıb. Qəza zamanı yaralanan 13 nəfər 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib. Yaralılardan 3-ü uşaqdır. İdarəetməni itirərək aşan avtobusda qəzaya səbəb kimi texniki nasazlığın baş verməsi göstərilir.
19 iyul 2013. “Daewoo” markalı avtobus İ.İsmayılov küçəsində “LADA” markalı avtomaşınla toqquşub. Nəticədə bir nəfər hadisə yerində ölüb, bir sərnişin xəstəxanaya yerləşdirilib.
12 avqust 2013. Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. 49 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.
28 avqust 2013. Bakı-Sumqayıt yolunda “Daewoo” markalı sərnişin avtobusu əvvəlcə yolun kənarındakı dəmir səddə, sonra isə “VAZ-2107” markalı avtomaşına çırpılıb. Nəticədə minik avtomobildəki sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış sürücü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Məcburi “tormozlanma”
Bunlar təkcə bu ilin ötən 8 ayında Bakıda baş vermiş çoxsaylı avtobus qəzalarının az bir hissəsidir. 2011-ci ildən bu yana “avtobus qırğını”, “avtobus terroru” kimi ifadələr sanki hamımız üçün adi bir söz olub. Son 3 ildə elə bir həftə olmur ki, paytaxt Bakıda sərnişin avtobuslarının özündə və ya bu nəqliyyat vasitələrinin birbaşa iştirakı ilə qəza baş verməsin. Xüsusilə də 2011-ci ildə Nəqliyyat Nazirliyinin sifarişi əsasında xaricdən gətirilən “Daewoo” markalı avtobuslarda.
Lent.az-ın əməkdaşı “avtobus terroru”nun səbəblərini sürücülər və ən iri sərnişindaşıma şirkətlərinin birinin mexanik-mühəndisləri ilə birgə araşdırmağa çalışıb. Məlum olub ki, sərnişin avtobuslarının qəzaya uğraması əksər hallarda paytaxt yollarında orta sürət həddinin artması ilə əlaqələndirilsə də, əslində ən böyük problem elə avtobusların özündədir. Belə ki, bu iritutumlu avtobusların özünün texniki təminatı belə demək mümkünsə, təhlükəsizliyə təminat vermir. Üstəlik dar və tıxaclı yollar, kələ-kötür küçələr, sərnişinlərin istədikləri yerdə avtobusa minib-düşmək istəyi və sürücülərin də bu istəyə meyilli olması qəza təhlükəsini xeyli artırmış olur. Çünki bunların hamısı sürücünü məcbur edir ki, dar və narahat küçələrdə çətinliklə hərəkət edən iri avtobuslarda əyləc sistemindən tez-tez istifadə etsin.
“Transgeyt” MMC-nin Binəqədi qəsəbəsində yerləşən qarajındakı mexanik, sürücü və dispetçerlərin dediklərindən belə məlum olur ki, qəzaların çoxu avtobus sürücülərinin əyləclərdən tez-tez istifadə etməsindən yaranır. Yollardakı tıxaclar səbəbindən sürücülər əyləcdən daha çox istifadə edirlər. Nəticədə təkərlərin barabanları qızır və yanğın baş verir. Avtobuslarda ventilyator, siqnalizasiya sistemlərinin quraşdırılması da mühərrikdəki elektrik güc mənbəyinin yükü artır. Həddən artıq yüklənmə isə qısaqapanmaya və yanğına səbəb olur.
Xatırladaq ki, hazırda “Transgeyt” MMC-nin paytaxt Bakıda 4 qaraj və 6 avtobus parkı var. Bu park və qarajlarda 600-dək avtobusa texniki qulluq göstərilir. Bunlardan ən böyüyü Binəqədi parkıdır ki, hazırda burada 150-yə yaxın avtobus hər gün texniki yoxlamadan keçir. Qarajda həmsöhbət olduğumuz dispetçer və mexaniklər bildirirlər ki, avtobuslarda ən çox fasonlu çaşkaları, ilişmə muftası, hava sistemi təmir edilir. Ancaq yollar bərbad halda olduğundan avtobusların hava yastığı və hava qazanı tez-tez sıradan çıxır.
Texniki xidmət: adı var, özü yox
Sürücülər isə iritutumlu avtobusların texniki keyfiyyət göstəricilərinin aşağı olmasından gileylənirlər. Rəyini öyrəndiyimiz sürücülər bildirirlər ki, əksəriyyəti Koreya istehsalı olan bu avtobusların mühərriklərindəki cihaz və qurğuların çoxu dözümsüz və qeyri-standartdır. Hətta bu cihaz və qurğular arasında düzgün quraşdırılmayanlar da var. Bu isə avtobuslarda əyləc sisteminin, mühərrikdəki elektrik yükünü tənzimləyən relenin tez-tez sıradan çıxmasına səbəb olur.
Bununla belə, bir gerçəklik də var ki, sərnişindaşıma xidməti göstərən şirkətlərinin hər birinin texniki xidmət məntəqələri, qarajları olsa da, burada aparılan texniki müayinələr bir qayda olaraq formal xarakter daşıyır. Hətta avtobuslarda baş verən hər hansı nasazlığın aradan qaldırılması əksər hallarda sürücülərin boynuna qoyulur. Halbuki, sərnişindaşıma xidməti göstərən avtobusların hamısı hər gün qarajlarda və texniki qulluq məntəqələrində yoxlanışdan keçməli, mühərrik sistemi bütünlüklə mexanik tərəfindən yoxlanmalıdır. Həmçinin sürücülər özləri də tibbi müayinədən keçməli, həkimin rəyi müsbət olduğu halda hər bir sürücüyə yol vərəqəsi verilməli və yalnız bundan sonra avtobuslar xəttə buraxılmalıdır. Ancaq bu texniki tələblərə nəinki əməl olunmur, faktiki olaraq hər gün nasaz vəziyyətə xəttə buraxılan avtobuslardakı natəmizliyə belə, başdansovdu yanaşılır.