Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) və tabeliyindəki təhsil müəssisələrində “Vətəndaşların qəbulu qaydaları”nda dəyişikliklər edilib.
BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, idarənin müdiri Nailə Rzaquliyevanın imzaladığı əmrə müvafiq olaraq yeni qaydalar və BŞTİ-də rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki təsdiq edilib. Yeni qaydalara uyğun olaraq, BŞTİ-də və tabeliyindəki təhsil müəssisələrində vətəndaşların qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Təhsil İdarəsində vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş qrafik əsasında aparılır. Rəhbərlik müvafiq əmrlə idarədə və ya təlim-tərbiyə müəssisələrində qəbul işini həyata keçirmək üçün məsul vəzifəli şəxsi təyin edir və bu məqsəd üçün ayrılmış xüsusi “Qəbul otağı”nda vətəndaşların qəbul edilməsini təmin edir. Məsul vəzifəli şəxs vətəndaşı qəbul edir və “Vətəndaşların qəbulu” kitabında qeydlər aparır. Qəbul qrafikinə uyğun olaraq vətəndaşlar qəbula yazılır, qəbul günü və vaxtı onlara və onları qəbul edəcək şəxslərə məsul vəzifəli şəxslər tərəfindən bildirilir. Rəhbərlik və vəzifəli şəxslər qəbullarında olmuş vətəndaşların müraciətlərinin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün lazım olan digər tədbirlər görürlər. Müraciətdə irəli sürülən məsələlərin həlli idarənin və ya təlim-tərbiyə müəssisəsinin (vəzifəli şəxsin) səlahiyyətlərinə aid olmadıqda hara müraciət etmək lazım olunduğu vətəndaşlara izah edilir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva həftənin I günü saat 9:00-13:00, III gün 14:00-18:00, V gün 9:00-13:00-da, idarənin müdir müavinləri və sektor müdirləri, o cümlədən Metodiki Mərkəzin direktoru həftənin bütün günləri (I-V) bütün iş günü ərzində vətəndaşları qəbul edir.