Bakı Ali Neft Məktəbi və “Schlumberger Logelco Inc.” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verib.
3 il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq bildirən "Şlümberji" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və hazırda neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkət olduğunu bildirib. O, şirkətin 3 başlıca istiqaməti (Layın xarakteristikası ,Qazma, İstehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys Bakı Ali Neft Məktəbi ilə "Şlümberji" şirkəti əməkdaşlıq haqqında razılaşmanı imzalayıb.
Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlənən tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapıb.