...Sən demə, havalar soyuyandan sevimli soyuducuma zülm eləyirmişəm. Deyirəm, axı, niyə bu zavallı bir həftədi gecələr nə özü yatır, nə də məni yatmağa qoyur. Vallah, soyuducu işləməyinə bənzəmirdi, "Wolf" adlı bu alman-türk malı elə bil inildəyirdi, yerində qıvrılırdı, durduğu yerdə içindən sınırdı. Əsas da gecələr... Gecə səssiz olduğundan onun hansısa detalından çıxan çartıltısı qulağımı deşirdi. Pul verib aldığımdan, təbii ki, həm də ürəyimi...
Nəsə, axır ki, dünən gecəyarısı ancaq və ancaq dəli adamların görə biləcəyi, "BOMJ"ların saçları kimi qarışıq və pis qoxu verən növbəti yuxudan ayılanda, nədənsə sevimli soyuducumun iniltisi barədə yenə düşünməyə başladım. Axı, bu niyə inildəsin? Və tapdım... Yadıma düşdü... Axı, sevimli balaca "Wolf"umun təlimatında vardı bu... Necə olmuşdu ki, zəhrimar yadımdan çıxmışdı? Sən demə, soyuducum hələ də yay temperaturunda işləyirmiş. Durub inildəyən, içindən sınan, çat verən əşya kimi səslər çıxaran soyuducumun qapısını açdım, düyməsini saat əqrəbi istiqamətində burdum, temperaturunu artırdım, qapısını bağlayıb siqara yandırdım və onu dinləməyə başladım. "Wolf"un iniltisi kəsilmişdi...
...İnsanlar da belədi, dostum... İnsanlar da gərək qışdan yaza, yazdan yaya, yaydan payıza, payızdan qışa keçəndə içərilərindəki düymələri burmağı unutmasınlar. Axı, fəsillər dəyişəndə, insanların da içlərində nələrsə dəyişməlidi ki, qışa, yaza, yaya, payıza hazır olsunlar. Bu dilsiz-ağızsız "Wolf" məni ayıltdı. Deyirəm axı, neçə gündü niyə yuxularımı qarışdırıram, niyə "Wolf" bir yana, özüm inildəyirəm, içimdə sınıram, çat verirəm. Elə bilirdim, bunlar hamısı "Wolf"un səsindən-küyündəndi. Sən demə, yox, günah özümdəymiş. Mən Bakının bü dəyişkən, bu etibarsız havasının artıq çoxdan soyuduğunun fərqində olmalıydım. Mən əslində, içimdəki düyməni saat əqrəbi istiqamətində bir qədər soldan sağa burmalı, payız vaxtına keçməliydim... Mən axmaqsa hələ də içimdə yayın hərarətiylə yaşamaqda davam edirmişəm... Bağışla məni, "Wolf"...