Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin kollektivinə məktubla müraciət edib.
Lent.az-a daxil olan müraciətdə bildirilir ki, ağır makroekonomik vəziyyətə görə şirkət rəhbərliyi xərclərin azaldılmasına dair olduqca çətin qərar qəbul etməli olub: “Təəssüflər olsun ki, bazardakı vəziyyət şirkətimizin də fəaliyyətinə təsir göstərib. Biznesimizi mövcud şəraitə uyğun optimizasiya etməliyik. 2015-ci ilin avqust ayından etibarən Azercell rəhbərliyi şirkət xərclərinin, o cümlədən işçilərə aid xərclərin azaldılması və ixtisarların aparılması ərəfəsində olub. Amma biz maksimum dərəcədə əlavə xərcləri azaldaraq, işçi sayına toxunmamağa çalışmışıq. 2015-ci ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətimizdə 8%-ə qədər iş yerlərinin, yəni 60-a yaxın işçinin ixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb. Bu vəzifələrdə çalışan əməkdaşların hamısına layiqli kompensasiya təklif olunacaq. Bu gündən etibarən ixtisara düşmüş vəzifələrdə çalışanlarla üzbəüz görüşlər keçirilməyə başlanıb.
Bu haqda sizə məlumat verdiyimə görə çox üzgünəm. Amma təəssüf ki, başqa çıxış yolumuz yoxdur. Şirkətimiz bazardakı vəziyyətdə biznesini davam etdirməli, yeni yatırımlar həyata keçirməyə və rəqabətə davamlı olmalıdır.
Hər bir Azercell əməkdaşına dərin təşəkkürümü bildirirəm. Əminəm ki, birgə səylərimiz nəticəsində mövcud çağırışların öhdəsindən gələrək həm öz, həm də şirkətin fəaliyyət göstəricilərini daha da yüksəldəcəyik, və bununla da komandamızı yenidən genişləndirə biləcəyik”.