Kiyev Milli Linqivistika Universitetində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə filalogiya elmləri doktoru Rafiq Novruzov və Belarusyalı alim ,professor Anatoli Qirutskinin birgə layihəsi olan “Elm və Din” əsərinin təqdimatı olub. Lent.az-ın məlumatına görə, UAGB-dən verilən məlumata görə, Ukraynanın elm və təhsil xadimlərinin, diplomatların və ekspertlərin qatıldığı təqdimat mərasimini Ukrayna Millətlər Assambleyasının prezidenti, BUAK sədri Rövşən Tağıyev açaraq Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı elm və din kitabının milliyyətindən və dinindən asılı olmayaraq hər bir insan üçün böyük maraq kəsb edəcəyini bildirib.
Elmin sərhədi olmadığı kimi, dini dəyərlər arasında da mənəvi ölçü vahidinin sonsuzluğa ünvanlandığını bildirən R. Tağıyev belə bir məsuliyyətli və çətin mövzuya müraciət edərək uğurlu nəticə əldə edən professorlar Rafiq Novruzovu və Anatoli Qirutskini elmi nailiyyətləri münasibəti ilə təbrik edib. Mərasimdə Kiyev Milli Linqivistika Universitetinin prorektoru İrina Seryakova çıxış edərək, yüksək fəlsəfi, mənəvi fikirlərlə zəngin olan kitabı elmlə dinin vəhdət körpüsü adlandırıb. Belə bir dəyərli monoqrafiyanın ali təhsil ocaqlarında tədris olunmasının vacibliyini vurğulayıb. Tədbirə qatılanlara minnətdarlığını bildirən kitabın müəllifi, professor Rafiq Novruzov şərqlə qərbin təfəkkür tarixində dinlə elm arasında təzadlı fikirlərin formalaşdığını diqqətə çatdıraraq, dünyanın müxtəlif dinləri ilə elm arasındakı bağlılığa münasibətdə Belaruslu alim həmkarı ilə eyni fikrə gəldiyini vurğulayıb. Səmavi kitablar olan Sühufu, Tövrat,İncil və müqəddəs Qurani - Kərimdə elm insanları doğru yola və fəzilətli həyata yönəltdiyi kimi dünyanın məşhur alimləri də Allahın varlığını və təkliyini qəbul və təsdiq etməklə kamil insan zirvəsinə yüksəlməyin yolunu elm və dinin vəhdətində görüblər deyən Rafiq Novruzov uzun illərdən bəri üzərində çalışdıqları Elm və Din kitabında bu məsələlərin elmi fəlsəfi izahina nail olduqlarını vurğulayıb. Maraqlı müzakirələrlə yadda qalan mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Asim Osmanov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri , siyasi elmlər namizədi Anar Tahirov, Kiyev Milli linqivistika Universitetinin hüquq kafedrasının müdiri ,professor Aleksandr Merejko, professor Sergey Fatayev, Ukrayna Yevrey fondunun rəhbəri Arkadiy Monastırskiy,Rus məclisinin sədri Alla Potapova ,SOKAR Ukrayna şirkətinin nümayəndəsi Həzi Aslanov ,və digər elm və ictimai təşkilatların təmsilçiləri çıxış edərək, kitabın ülvi hisslərə və bəşəri duyğulara xidmət etdiyini bildiriblər. Elmi fəlsəfi dəlillərlə zəngin olan kitabın bir çox dillərə tərcümə olunmasının vacibliyini vurğulayıblar.