Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə rektor, professor Ədalət Muradov bildirib ki, dünyanın və Avropanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ən mütərəqqi təhsil modelinin ADİU-a gətirilməsi universitetin prioritetləri sırasındadır. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, ADİU-nun Türkiyənin Mövlanə proqramına qoşulduğunu və universitetin 100-ə yaxın müəllim və tələbəsinin bu proqramdan yararlandığını vurğulayıb. Rektor bildirib ki, İqtisad universiteti Erasmus+ proqramı çərçivəsində Avropanın 10 ən nüfuzlu universiteti ilə razılıq əldə edib. Razılığa əsasən, bu il ADİU-nun 103 müəllim və tələbəsi həmin universitetlərdə mübadilə proqramında iştirak edə biləcəklər.
Fransa ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan rektor bildirib ki, aprel ayında Fransanın qədim Monpelye universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, proqrama qoşulan universitet tələbələri 4 il ərzində hər iki universitetin diplomunu əldə edə biləcəklər. Ə.Muradov qeyd edib ki, menecment ixtisası üzrə kadr hazırlığına görə Fransa universitetləri böyük təcrübəyə malikdir. Bu baxımdan həmin universitetlərlə əməkdaşlıq etməkdə maraqlıyıq.
Görüşdə bildirilib ki, səfirin təşəbbüsü ilə İqtisad universitetinin 5 tələbəsi və 3 müəllimi mübadilə proqramı çərçivəsində Fransa universitetlərinə göndəriləcək. Obyektivlik və şəffaflıq baxımından həmin universitetlərə göndəriləcək müəllim və tələbələri Fransa tərəfi müəyyən edəcək.
ADİU rektoru fiziki məhdudiyyətli tələbələrin ali təhsilə cəlb olunması istiqamətində universitetdə bir sıra layihələrin həyata keçirildiyini, bununla bağlı mərkəzin fəaliyyət göstərdiyini bildirib.
Xanım Orelia Buşez Fransanın ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasını yüksək qiymətləndirib və bildirib ki, bu əlaqələr hər iki tərəfin maraqlarına cavab verməlidir. Səfir menecment sahəsi üzrə kadr hazırlığında Fransa universitetləri ən qabaqcıl təcrübəyə malik olduğunu da diqqətə çatdırıb. Bildirib ki, Fransa səfirliyi fiziki məhdudiyyətli gənclərin ADİU-da təhsil alması üçün hər cür dəstəyi göstərməyə hazırdır.
Bundan başqa, xanım Buşez İqtisad universiteti ilə Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsini təklif edib.
Milli Erasmus+ ofisinin rərbəri Pərviz Bağırov Erasmus+ layihəsinin icrasında İqtisad universitetinin aktiv iştirakını xüsusi vurğulayıb. Bildirib ki, 2016-cı ildə universitet daha 2 layihə ilə Avropa Komissiyasına müraciət edib.
Tədbirdə Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-ın (İnterational School of Business and Management) nümayəndələri də müəllim və tələbə mobilliyi mövzusunda təqdimatla çıxış ediblər.