Baharın müjdəçisi: od çərşənbəsi
28 fevral 2017 12:34 (UTC +04:00)

Baharın müjdəçisi: od çərşənbəsi

Qədim dövrlərdən bizə irs qalmış xalqın yaratdığı mənəvi sərvətlər onun zəngin və parlaq istedadını təcəssüm etdirir. Novruz bayramı qədim ənənələrə dayanan milli ünsürləri, mənəvi dəyərləri özündə birləşdirən əsas bayramlardan biridir. Qışın axırıncı ayı Boz çillədə qışın donduraraq yatırdığı təbiəti yaz 4 həftədə oyadır. Buna görə də Novruz gəlməmişdən öncə baharın carçısı kimi 4 həftə boyunca ocaqlar qalanır, çərşənbələr qeyd olunur.  Həmin çərşənbələr bizi Novruza daha da yaxınlaşdırır.  Bu ənənə əsrlər boyu məişət həyatımızın ən bölünməz bir hissəsinə çevrilmişdir.

Xalqımızın təmtəraqlı şəkildə qeyd etdiyi bayramqabağı çərşənbələrdən biri də od çərşənbəsidir. Xalq arasında “üskü çərşənbə”, “addı çərşənbə” kimi tanınan od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. İnama görə od yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Həmçinin güc, qüvvə, enerji, işıq rəmzi kimi od, Günəşin yerdəki təzahürü hesab olunur. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər.

Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar. El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. “Od haqqı”, “Oda düşəsən,” “Ocağın odlu olsun”, “Ocağın qazan görməsin” və s. kimi andlar, alqış və qarğışlar dilimizdə bu gün də işlənməkdədir.  Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri, məsəllər vardır.   Məsələn, “ocağı şər vaxtı söndürməzlər”, “od çərşənbəsində ocağı boş qoymazlar”, “oda su tökülməz”, “oda pis söz deyilməz”, “Od imandır”, “Oda yanmayan, balasına da yanmaz”, “Od yanmasa, tüstü çıxmaz”   və s. 

Məlumdur ki, Azərbaycan bütün dünyada “odlar yurdu” kimi tanınır. Təkcə bu fakt odun, oda inancın xalqımızın həyatında ən vacib yerlərdən birini tutduğunu sübut edir. “Azərbaycan” sözünün etimoloji izahına diqqət yetirsək, “Azər” sözünün "ər”, “kişi", "ər oğlu", "od qoruyan" mənalarda ifadə olunduğunu görə bilərik. Odla bağlı qədim zamanlarda keçirilən mərasimlər, rituallar, bu günə kimi bir sıra qayaüstü rəsmlərdə də öz əksini tapmışdır. Hətta milli atributumuz olan gerbimizdə də alov təsviri vardır. Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.

Belə bir fikir var ki, atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. Ocağınız daim yansın, odunuz heç zaman sönməsin! Od çərşənbəniz mübarək!

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar