Şəbəkəyə 30 saatda 2500 istifadəçi qoşulub
“30 saatdır fəaliyyət göstərən www.azelook.com milli sosial şəbəkəsinin 2500 istifadəçisi var”. Bunu Lent.az-a şəbəkənin yaradıcısı, 20 yaşlı proqramçı Şəhriyar Əlizadə deyib.
Ş. Əlizadə yaratdığı milli sosial şəbəkənin Azərbaycan və Türkiyəni əhatə edəcəyini deyib: “Bu şəbəkəni ilk dəfə keçən ilin aprel ayında yaratmışam. Sadəcə sonra marağım olmadı, dayandırdım. Amma indi qarşıma plan qoymuşam. Azərbaycan və Türkiyədən olan istifadəçilər milli şəbəkədən yararlana biləcəklər. Saytımızdan qeydiyyatdan keçmək pulsuzdur. Əsas məqsəd milli ruhlu gəncləri bir araya gətirməkdi. “Facebook”dan üstünlüyü ondadır ki, “facebook”da istifadəçi hesabını dondura bilir, ancaq birdəfəlik silə bilmir. Ümumi bilgilər tam silinmir, bazada qalır. “Azelook”da belə olmayacaq. İstifadəçi hesabını birdəfəlik silə biləcək. Maliyyə dəstəyimiz “vision.tv” dir”.