Keçən illə müqayisədə ilan və əqrəb sancmalarının sayında artım müşahidə olunur.
Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.
Azər Maqsudov bildirib ki, iyul ayının birinci yarısında Azərbaycanda 12 nəfəri ilan, 2 nəfəri əqrəb, 4 nəfəri hörümçəyin zəhərli növü olan qara qurd sancıb. Ancaq keçən il ümumən iyul ayında 16 nəfəri ilan, 2 nəfəri əqrəb, 2 nəfəri də qara qurd sancıb, ölüm faktı isə qeydəalınmayıb.
Azər Maqsudov deyib ki, qeydə alınan faktlar bu il iyulun sonuna kimi ilan, əqrəb və qara qurd sancmalarının daha çox ola biləcəyini göstərir.
Azər Maqsudov ilan, əqrəb və qara qurd sancmaları hallarının artması ilə bağlı əhaliyə xəbərdarlıq da edib: “Əhali, xüsusən istirahətdə olan vətəndaşlarımız meşədə, çöldə, otluq ərazilərdə diqqətli olmalıdırlar. Digər tərəfdən, əgər ilan, əqrəb və qara qurd sancması baş verərsə, tez bir vaxtda onlar həkimə çatdırılmalıdır. Bəzən rayonlarda ilan, əqrəb və qara qurd sancan insanların zərdab vurulmadan Bakıya xəstəxanaya gətirilməsi faktına rast gəlinir. Yaxşı olardı ki, bu insanlara öncə rayon xəstəxanasında zərdab vurulsun”.