“Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlayıb, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır”. APA-nın məlumatına görə, bunu ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Əli Abbasov qeyd edib ki, kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1” fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalı, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir: “Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan “Azərkosmos” ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 milyon ABŞ dolları gəlir götürülüb, bu il isə 16 milyon dollar gəlir götürülməsi planlaşdırılır. Təxminən 6-8 milyon ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. “Azərkosmos” ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək”.
Nazir qeyd edib ki, hesabat dövründə Yer səthinin müşahidə peyki “Azersky” bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb: “Hesablamalara görə, “Azərkosmos” ASC “Azersky” üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək”.
“Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlayıb, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır. Sayca üçüncü peykin – “Azerspace-2”-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, kosmik fəzada fəaliyyətimizdə əsas tələblərdən biri rentabellilikdir və bu sahədə birinci Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin “Azerspace-1”in olması və onun, həmçinin Oyunların ehtiyat rabitə sistemində istifadə olunması “Azərkosmos” ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsir edib”, deyə nazir bildirib.