“Ölkəmizdə müsbət I və II qrup qanlara daha çox ehtiyac var”.
Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Qan Bankının baş həkimi Hacıyeva Pərvanə deyib.
P.Hacıyevanın sözlərinə görə, məhz bu qan qruplarından olan xəstələr çoxluq təşkil edir: “Ancaq III və IV qrup donorlar az olduğu üçün bu qrupdan xəstələr də azdır.
Baş həkim bildirib ki, hazırda Mərkəzi Qan bankında kifayət qədər qan var: “2010-cu ildə 46 min donor olmuşdusa, 2015-ci ildə bu rəqəm 75 min 184 nəfər təşkil edib. Bu da 61 faiz artım deməkdir”.
Qanın saxlanması məsələsinə aydınlıq gətirən P. Hacıyeva deyib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da qan 42 günə kimi saxlanıla bilər: “Bunun üçün qan bankında xüsusi şərait yaradılıb. Qanlar müsbət 2 və müsbət 5 dərəcə temperaturlu soyuducuda saxlanılır. Qanın plazma hissəsi isə 24 aya qədər xüsusi dondurucularda saxlanılır”.
“Donorlardan qan götürülərkən qan 4 infeksiya üzrə yoxlanılır. Bu infeksiyalara Siflis, QİÇS, Hepatit C və Hepatit B aiddir”, - deyən Baş həkim əlavə edib ki, hər il olduğu kimi ötən il də donorların 7-8 %-də infeksiya aşkarlanıb.