Azərbaycanda dəniz suyundan içmək üçün istifadə olunacaq
20 sentyabr 2013 11:46 (UTC +04:00)

Azərbaycanda dəniz suyundan içmək üçün istifadə olunacaq

Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod və müasir tinglikdən ibarət kompleks artıq istismara hazırdır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yer kürəsində təmiz suya olan tələbat ilbəil artmaqdadır və bu səbəbdən də alternativ təmiz su mənbələrinin üzə çıxarılması, onlardan istifadənin  təşkili bir çox ölkələr üçün aktualdır.

Məhz bu baxımdan  regionda  ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da su probleminin yaxın gələcəkdə yaşana biləcəyini qabaqcadan görən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçirilmiş iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini xüsusilə vurğulayıb və bununla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsini ETSN-na tapşırıb. Həmin vaxtdan başlayaraq ETSN-da dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanıb. İnfrastruktur imkanları 20 min m3/gün olan, ilkin mərhələdə pilot olaraq gündə 1000 m3 gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin inşası üzrə pilot layihənin icrasına start verilib, ən müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılıb. Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks 2013-cü ilin əvvəlində işlək vəziyyətə çatdırılıb və  bir müddət sınaq rejimində yoxlamadan keçirildikdən sonra əsaslı rejimdə fəaliyyətə başlayıb. Hazırda müəssisədə gün ərzində 1000 m3 həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan  müəssisə daxilində salınmış tingliklərin, o cümlədən Xıdırlı kəndi yaxınlığında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur. Eyni zamanda, gələcəkdə ehtiyac olarsa, bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.

Layihəyə uyğun olaraq, ərazidə ildə 1 milyon ədəd ağac və kol (o cümlədən  dekorativ) cinsləri yetişdirməyə  imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılıb. Eyni zamanda avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılıb, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılıb. Kompleksin yaradılması zamanı 240 min m3 həcmində torpaq, 91,5 min m3 həcmində beton işləri görülüb. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksək təzyiqli su boruları, 6,5 kilometrlik 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılıb, 10 kilometr uzunluğunda damcılı suvarma sistemi yaradılaraq istismara verilib. Eyni zamanda 15 kilometr məsafədə yol salınmış, 12 700 m2  sahədə asfalt örtüyü döşənib. Kompleksin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1,3 kilometr məsafədə yüksək gərginlikli elektrik xətti çəkilib, gücü 250 kvt olan transformator və gücü 330 kvt olan generator qurulub. Ümumi sahəsi 320 m2 olan 13 otaqdan ibarət 2 ofis binası, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 25 000 m3 olan izolyasiya olunmuş torpaq su anbarı, həcmləri 500 m3 və 200 m3 olan 3 ədəd izolyasiya olunmuş metal su çənləri inşa edilib.

Müəssisənin 21,8 hektar ərazisində 26 mindən artıq ağac, kol  əkilib, 3 hektar əraziyə qazon döşənib, damcılı və səpələyici suvarma sistemləri qurulub.  Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib. Dambanın inşası üçün 76 000 m3 qarışıq daş suxur və gil,  ümumi sahəsi 1500 m2 olan 200 ədəd dəmir-beton plitələrdən istifadə olunub. 800 metr məsafəyə yüksək gərginlikli elektrik xətti çəkilmiş, gücü 100 kvt olan transformator və gücü 125 kvt olan generator qurulub. Nasosxana, 2 otaqlı gözətçi evi, təsərrüfat sarayı inşa edilib.

Bu layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından  mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin  sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398

Oxşar yazılar