Azərbaycanda çağırışçıların uçotu necə aparılacaq? – QAYDA
13 may 2013 10:52 (UTC +04:00)

Azərbaycanda çağırışçıların uçotu necə aparılacaq? – QAYDA

Nazirlər Kabineti Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nı təsdiqləyib.

 

Lent.a-ın verdiyi məlumata görə, Bu Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları (bundan sonra – orqanlar) və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən edir.

 

Orqanlarda və təşkilatlarda çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə çağırılmış mütəxəssislərin əvəz edilməsinə lazım olan kadrların qabaqcadan hazırlanmasına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin müdafiə və səfərbərlik tədbirlərinin keçirilməsinə kömək və hərbi qeydiyyatın real vəziyyətdə aparılmasına nəzarət məqsədi ilə həyata keçirilir. Orqanların və təşkilatların rəhbərləri hərbi uçotun tam və keyfiyyətli aparılması üçün məsuliyyət daşıyırlar.

Orqanlarda və təşkilatlarda çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun təşkili və aparılması üçün onların “Hərbi uçot vərəqəsi” (bu Qaydaya 1 nömrəli əlavə) ilə təmin edilməsi həmin orqanlar və təşkilatlar tərəfindən, “Çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında (o cümlədən, konsulluqlarda), yerli icra hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotunun və təxsis (bron) edilmə vəziyyətinin yoxlanılması jurnalı” ilə təmin edilməsi isə Xidmət tərəfindən həyata keçirilir. Orqanlarda və təşkilatlarda hərbi uçotun aparılması kadr xidməti tərəfindən həyata keçirilir. Orqanlarda və təşkilatlarda hərbi uçotun vəziyyəti barədə bütün məlumatlar Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən yoxlanılır və yoxlama jurnalında qeyd olunur. 1.7. Çağırışçılar və hərbi vəzifəlilər qulluğa (xidmətə) çağırıldıqda və ya daxil olduqda, orqanlarda və təşkilatlarda hərbi uçotdan çıxarılırlar.

 

Hərbi vəzifəlilər hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdikləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata alınırlar.

 

Orqanlarda və təşkilatlarda işləyən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi aşağıda göstərilən hərbi qeydiyyat sənədləri əsasında doldurulur:

- çağırışçılar üçün – ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə;

- hərbi vəzifəlilər üçün – hərbi bilet.

- Çağırışçıların hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi doldurularkən aşağıdakılar yazılmalıdır:

- “Qeydiyyat qrupu” sətrində – “çağırışçı”;

- “Hərbi xidmətə yararlılıq” sətrində – sağlamlıq vəziyyəti haqqında qeydlər;

- “Hərbi qeydiyyat üzrə Xidmətin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adı” sətrində – çağırışçının hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin adı;

- “Hərbi qeydiyyata alındığı tarix” sətrində – Xidmətin yerli idarə, şöbə və bölməsində hərbi qeydiyyata alındığı tarix;

- “Xüsusi” sətrində – çağırışçıya həqiqi hərbi xidmətdən verilmiş möhlətin səbəbi və müddəti.

Ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi aşağıda göstərilən tələblərə riayət edilməklə doldurulmalıdır:

- “Qeydiyyat qrupu” sətrində – “hərbi vəzifəli”;

- “Qeydiyyat kateqoriyası” sətrində – 1-ci (hərbi xidmət müddətini tam keçmiş, xidmət müddətindən asılı olmayaraq çavuş hərbi rütbəsini almış və ya döyüş əməliyyatlarında iştirak etmiş hərbi vəzifəlilər) və ya 2-ci (hərbi xidmət müddətini tam keçməmiş (çavuş hərbi rütbəsini almış və ya döyüş əməliyyatlarında iştirak etmiş şəxslər istisna olmaqla), habelə müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmətə çağırılmamış hərbi vəzifəlilər və ehtiyatda olan qadınlar). 1-ci və 2-ci kateqoriya barədə qeyd hərbi biletin 19-cu hissəsində yazılır;

- “Heyət” sətrində – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar (hərbi biletin 21-ci hissəsi);

- “Hərbi rütbə” sətrində – əsgər, baş əsgər, matros, baş matros, kiçik çavuş, çavuş, baş çavuş, kiçik gizir, gizir, baş gizir, kiçik miçman, miçman, baş miçman (hərbi biletin 16-cı hissəsi);

- “Hərbi uçot ixtisası” sətrində – üç rəqəmdən ibarət HUİ və HUİ-nin kodu (hərbi biletin 22-ci hissəsi);

- “Hərbi xidmətə yararlılıq” sətrində – sağlamlıq vəziyyəti haqqında qeydlər;

- “Hərbi qeydiyyat üzrə Xidmətin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adı” sətrində – hərbi vəzifəlinin hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin adı;

- “Hərbi qeydiyyata alındığı tarix” sətrində – Xidmətin yerli idarə, şöbə və bölməsində hərbi qeydiyyata alındığı tarix;

- “Ümumi (komanda №-si)” sətrində – hərbi hissəyə təhkim edilib-edilməməsi barədə qeyd;

- “Xüsusi” sətrində – çağırışdan möhlət verilməsi haqqında vəsiqənin nömrəsi, təxsislənmə siyahısının nömrəsi, bölməsi və bəndi, eləcə də Xidmətin yerli idarə, şöbə və bölməsi tərəfindən rəsmiləşdirilmə tarixi;

- “Hərbi vəzifəli olmaması barədə qeyd” sətrində – hərbi vəzifəli olmaması barədə qeyd.

Ehtiyatda olan generalların, admiralların və zabitlərin hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi aşağıda göstərilən tələblərə riayət edilməklə doldurulmalıdır:

- “Qeydiyyat qrupu” sətri doldurulmur;

- “Qeydiyyat kateqoriyası” sətrində – ehtiyatda olan zabitin hərbi biletinin 9-cu hissəsində olan müvafiq ehtiyat dərəcəsi;

- “Heyət” sətrində – kiçik zabitlər, baş zabitlər, ali zabitlər (hərbi biletin    8-ci hissəsi);

- “Hərbi rütbə” sətrində – kiçik leytenant, leytenant, baş leytenant, kapitan, kapitan-leytenant, mayor, polkovnik-leytenant, polkovnik, 3-cü dərəcəli kapitan, 2-ci dərəcəli kapitan, 1-ci dərəcəli kapitan, general-mayor, general-leytenant, general-polkovnik, ordu generalı, kontr-admiral, vitse-admiral, admiral (hərbi biletin 16-cı hissəsi);

- “Hərbi uçot ixtisası” sətrində – ehtiyatda olan zabitin hərbi biletinin 7-ci hissəsində olan altı rəqəmdən ibarət HUİ;

- “Hərbi xidmətə yararlılıq” sətrində – sağlamlıq vəziyyəti haqqında qeydlər;

- “Hərbi qeydiyyat üzrə Xidmətin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adı” sətrində – hərbi vəzifəlinin hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin adı;

- “Hərbi qeydiyyata alındığı tarix” sətrində – Xidmətin yerli idarə, şöbə və bölməsində hərbi qeydiyyata alındığı tarix;

- “Ümumi (komanda №-si)” sətrində – hərbi hissəyə təhkim edilib-edilməməsi barədə qeyd;

- “Xüsusi” sətrində – çağırışdan möhlət verilməsi haqqında vəsiqənin nömrəsi, təxsislənmə siyahısının nömrəsi, bölməsi və bəndi, eləcə də Xidmətin yerli idarə, şöbə və bölməsi tərəfindən rəsmiləşdirilmə tarixi;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olmağın son yaş həddinə çatmış şəxslərin hərbi uçot vərəqələrində hər il yanvarın 1-dən sonra hərbi qeydiyyat haqqında olan qeydlər tam pozulur və “Yaşına görə hərbi uçotdan çıxarılmışdır” sözləri qeyd edilir.  Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələri dörd qrupa bölünən ayrıca kartotekada əlifba sırası ilə saxlanılır:

- birinci qrupda – ehtiyatda olan generalların, admiralların və zabitlərin hərbi uçot vərəqələri;

- ikinci qrupda – ehtiyatda olan əsgərlərin, matrosların, çavuşların, gizirlərin və miçmanların hərbi uçot vərəqələri;

- üçüncü qrupda – hərbi vəzifəli qadınların hərbi uçot vərəqələri;

- dördüncü qrupda – çağırışçıların hərbi uçot vərəqələri.

Səfərbərlik və ya müharibə dövrü çağırışdan möhlət almış müvafiq kateqoriyalardan olan hərbi vəzifəlilərin hərbi uçot vərəqələri həmin qruplarda ayrıca saxlanılır. Yaş həddinə və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəli hesab olunmayan, habelə işdən çıxarılmış və iş yerini dəyişmiş şəxslərin hərbi uçot vərəqələri müvafiq orqanın və ya təşkilatın ümumi kartotekasından çıxarılır. Hərbi vəzifəli işçilərin sayı 500-dən çox olan orqanlarda və təşkilatlarda hərbi uçot vərəqələri kartotekası bu Qaydanın 2.6-cı bəndində göstərildiyi kimi saxlanılır.

 

Hərbi uçot məsələləri ilə bağlı tədbirlərin yerinə yetirilməsi prosesində orqanlar və təşkilatlar aşağıdakı tələblərin həyata keçirilməsini təmin etməlidirlər:

- çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələrinin müntəzəm olaraq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrdə və hərbi biletlərdə olan qeydlərlə tutuşdurulmasını. Həmin hərbi uçot vərəqələrinin ildə bir dəfədən az olmayaraq Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edilərək hərbi qeydiyyat məlumatları ilə tutuşdurulmasını;

- Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Xidmətin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməsini; 

- cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməsini;

- cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə Xidmətin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməsini;

- tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməsini;

- çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat sənədlərinin qeydiyyat kitabında imzalamaqla qəbul edilməsini (hərbi uçot vərəqələrinin Xidmətin yerli idarə, şöbə və bölməsində hərbi qeydiyyat məlumatları ilə tutuşdurulmasını və digər səbəblərə görə);

- hər il sentyabrın 1-dək hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının Xidmətin yerli idarə, şöbə və bölmələrinə təqdim edilməsini;

- işləyən (işləməyən) və təhsil alan çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların həqiqi hərbi xidmətə hazırlığına (təhsil və tibb müəssisələrinə gəlmələrinə) müntəzəm nəzarət edilməsini, bu hazırlığın keyfiyyətli keçirilməsini və davamiyyətini təmin etmək üçün tədbirlər görülməsini;

- çağırışçıların və hərbi vəzifəlilərin Xidmətin yerli idarə, şöbə və bölməsinə çağırış üzrə çağırılmaları barədə xəbərdar edilməsini və onların bu çağırışa vaxtlı-vaxtında əməl etmələrinə nəzarət olunmasını;

- işə (təhsil almağa) yeni qəbul edilmiş və ya işdən (təhsil almaqdan) azad edilmiş bütün çağırışçılar və hərbi vəzifəlilər haqqında ayda bir dəfə Xidmətin yerli idarə, şöbə və bölməsinə məlumat verilməsini;

- çağırışçıların və hərbi vəzifəlilərin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar ayda bir dəfə Xidmətin yerli idarə, şöbə və bölməsinə məlumat verilməsini;

- çağırışçılar və hərbi vəzifəlilər arasında hərbi qeydiyyat qaydalarının yerinə yetirilməsinə riayət edilməsi haqqında müntəzəm olaraq geniş izahat işinin aparılmasını və bu işin yerinə yetirilməsinə nəzarət edilməsini;

- Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən orqanlarda və təşkilatlarda hərbi uçotun vəziyyəti barədə yoxlama jurnalının aparılmasını.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2170
avatar

Oxşar yazılar