“Azərbaycan multikulturalizmi nədir? Azərbaycan təcrübəsi nə göstərir? Qərbin multikulturalizmə skeptik yanaşdığı bir zamanda Azərbaycanın multikultural təhlükəsizlik konsepsiyasına üstünlük verməsi nə ilə şərtlənir?”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Londonda BBC-də keçirdiyi dəyirmi masada səslənən suallar müxtəlif olsa da, onların hamısını bir cəhət birləşdirirdi - Azərbaycan multikulturalizmini anlamaq, dünya multikulturalizm təcrübəsində onun yerini müəyyən etmək. BBC World Action Xidmətinin Yaxın Şərq və Avropa üzrə regional direktoru Simon Derri dəyirmi masanın qonaqlarını salamlayaraq fikir mübadiləsinin xeyirli olacağına ümidvar olduğunu bildirdi.
BBMM-in icraçı direktoru prof. Azad Məmmədovun ətraflı təqdimatı məsələyə aydınlıq gətirməklə yanaşı, dünyanın ən multikultural şirkətlərindən biri sayılan BBC-nin əməkdaşlarında yeni suallar doğurdu. “Azərbaycandakı millətlər və dinlər arasındakı harmoniya tarixən hansı köklərdən qidalanır və bu gün onun inkişafı üçün əlverişli mühit yaradılıbmı?”
Bu sualın ikinci hissəsinə cavab qonaqlardan deyil, dəyirmi masanın təşkilatçısı BBC World Action Xidmətinin layihələr üzrə meneceri xanım Elli Havortzdan gəldi. 6 ildən çoxdur ki, Azərbaycanda Avropa Şurasının jurnalistika tədrisi ilə bağlı ən böyük layihələrindən birini çalışdıran xanım Havortz həmkarları ilə özünün Azərbaycan təcrübəsini bölüşdü. O, 2012-2013-cü illərdə Humanitar Forumun iştirakçısı kimi Qubaya və Naxçıvana səfərlərini, şahidi olduğu multikultural mühiti məmnunluqla xatırladı.
Azərbaycan mediasında multikulturalizmin işıqlandırılması ilə bağlı sualı cavablandıran BBMM-in müşaviri Aynur Bəşirli bu mövzunun çox həssas bir mövzu olduğunu, jurnalistlərdən məsələyə bələdlik və yüksək peşəkarlıq tələb etdiyini vurğuladı. O bildirdi ki, Mərkəz jurnalistlər üçün multikultural mövzularda necə yazmağı öyrədən təlimlər təşkil etməyi planlaşdırır. Bakı Slavyan Universitetin Jurnalistika fakültəsində seçmə fənn kimi “Multikultural jurnalistika” fənninin tədrisi nəzərdə tutulur. E. Havortz Avropa Şurasının layihəsi çərçivəsində də bu ideyanın dəstəkləndiyini, onun tezliklə gerçəkləşəcəyinə əmin olduğunu bildirdi. A. Bəşirli bu yaxınlarda Bakı Slavyan Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının yaradılmasını diqqətə çatdıraraq, bu kafedranın Azərbaycan və dünya multikulturalizminin akademik müstəvidə öyrənilməsi və multikulturalizmin bir fənn kimi tədrisinin təşkilində olduqca lazımlı qurum olduğunu qeyd etdi.
Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin təkcə ölkədə deyil, həmçinin yeddi xarici universitetdə tədris olunduğunu, sentyabrdan etibarən isə bu universitetlərin sayının artacağını qeyd etdi. İcraçı direktor Mərkəzin mütəmadi olaraq virtual masalar keçirdiyini söylədi. Onun BBC-nin dəyirmi masa iştirakçılarını növbəti virtual dəyirmi masalardan birinə qatılmaq təklifi böyük maraqla qarşılandı. Birinci virtual masanın Azərbaycan-rus-ingilis dillərində çıxmış broşuru iştirakçılara paylandı və BBC-nin kitabxanasına verildi.