Yaponiyanın Aomori prefekturasında vəhşi ayı ramen bişirən aşpaza hücum edib. Aldığı xəsarətlərə baxmayaraq, həkimlər onu xəstəxanaya aparana qədər aşpaz yeməyi bişirməyə davam edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 57 yaşlı yaponiyalı kişi səhər saat beş radələrində bulyon hazırlamaq üçün arxa həyətə çıxıb. Elə həmin an təxminən bir metr hündürlüyündə olan vəhşi meşə ayısı ona hücum edib.
Kişi ayını dəf edə bilib, lakin göz qapağında və burun nahiyəsində cızılmalar alıb, üstü-başı isə qana batıb. Xəsarətlərinə baxmayaraq, o, sakit şəkildə ramen bişirməyə davam edərək təkrar-təkrar deyib: “Heç nə olmaz. Mağaza açılmalıdır”.
Əvvəlcə kişi ona hücum edənin böyük bir it olduğunu zənn edib. Saat 5:30-da restorana gələn menecer Sasaki israr edərək zərərçəkənin xəstəxanaya getməsini tələb edib. Hazırda o, sağlamlıq vəziyyətinə görə məzuniyyətdədir: üzü şişib, lakin ümumi durumu qənaətbəxşdir.
O, əvvəllər dializ mərkəzində tibbi işçi kimi çalışıb, bir il əvvəl isə peşəsini dəyişərək ramen hazırlamağa başlayıb. Boyu 160 sm olsa da, kifayət qədər möhkəm bədən quruluşuna malikdir.
Restoran müvəqqəti olaraq bağlanıb, sahibkarlar isə ayılardan qorunmaq üçün müdafiə hasarı quraşdırmağı planlaşdırırlar. Menecer qeyd edib ki, xoşbəxtlikdən hücum bazar günü baş verib və yaxınlıqdakı uşaq bağçası həmin gün işləmirdi.
Yapon mediasının məlumatına görə, 2025-ci ildə ayı hücumlarının qurbanlarının sayı 2006-cı ildən bəri rekord həddə çatıb: ilin tamam olmamasına baxmayaraq 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.