Sabirabadda həmkəndlisinin arvadı ilə cinsi əlaqədə olarkən tutulan şəxs həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.
Kənd sakini olan 45 yaşlı Faiq Nehmətov (ad və soyad şərtidir) həmkəndlisinin evinə gedərək, onun arvadı ilə cinsi əlaqədə olub. Bu zaman qadının qaynı evə gələrək onları görüb. Daha sonra qadının əri və qayınatası da mənzilə daxil olublar. Burada onlar arasında dava-dalaş olub və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edilib.
Hadisə yerinə gələn polis əməkdaşları Faiqin ev sahibini söyməsinin şahidi olaraq, onu şöbəyə dəvət ediblər. Lakin Faiq imtina edərək, hərəkətlərini davam etdirib. Polis əməkdaşları tərəfindən onun şöbəyə aparılması təmin olunub.
Əməllərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələblərinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Faiq Nehmətov ifadəsində kənd arasında hörməti olduğunu və ilk dəfədir ki, aldanaraq, belə hərəkətə yol verdiyini deyib. O, peşman olduğunu dilə gətirib və məhkəmədən barəsində cərimə cəzası təyin edilməsini istəyib.
Sabirabad rayon Məhkəməsinin qərarı ilə onun barəsində 20 gün müddətinə inzibati həbs cəzası verilib.