Azərbaycan dili ilə bağlı “qaynar xətt” yaradılacaq
24 oktyabr 2013 14:53 (UTC +04:00)

Azərbaycan dili ilə bağlı “qaynar xətt” yaradılacaq

Milli Məclis “Dövlət dili haqqında” qanununun təkmilləşdirilmiş variantını yaxın zamanlarda qəbul edib və bu sənəd mövcud olan müəyyən çatışmazlıqları aradan qaldırır. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov yap.org.az-a bildirib. Onun sözlərinə görə, ən uğurlu sənəd «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»dır: “Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. “Qaynar xətt”in yaradılması nəzərdə tutulub ki, insanlar hardasa dil ilə bağlı problem görən zaman müvafiq qurumlara məlumat verə bilsinlər. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir”.

 

Komitə sədrinin sözlərinə görə, qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi ilə bağlı bir sıra problemlər yaranır: “Bəzi dünya dilləri yox olur, bəziləri isə güclü xarici təsirə məruz qalır. Buna görə də, Azərbaycan dilinin qloballaşma dövründə qorunub saxlanması və inkişaf etdirilməsini vacib hesab edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət Proqramında öz əksini tapan müddəalar da bu tələblərə tamamilə cavab verir”.

# 832

Oxşar yazılar