Azərbaycan Dil Qurumu saytını təqdim etdi
24 iyul 2013 18:15 (UTC +04:00)

Azərbaycan Dil Qurumu saytını təqdim etdi

 

 

Azərbaycan Dil Qurumunun (ADQ) “adq.az” sayt fəaliyyətə başladı. ADQ-dan Lent.az-a verilən məlumata görə, təqdimatda qurumun icraçı direktoru Anar Mahmudoğlu saytın yaranma məqsədindən danışıb: “Saytda ana dili normalarının qorunmasına həsr olunan tədbirlərin video-yazıları, tele-müzakirələr, monitorinqlər, nəşrlər, yazılar yerləşdirilib. Amma saytın əsas keyfiyyəti sözlüklərin axtarış sisteminə daxil edilərək istifadəçilərə təqdim edilməsidir. Hələlik “Orfoqrafiya lüğəti” yeni axtarış sistemində oxucuların ixtiyarına verilib. Növbəti mərhələ üçünsə izahlı və terminoloji sözlüklərin onlayn istifadəsi üçün proqramlaşdırma işləri davam etdiriləcək”.

 

Qurumun başqanı, millət vəkili Sabir Rüstəmxanlı dövlət dilinə münasibətə, reklam və elanlarda dil normalarının pozulmasına və ictimaiyyətin laqeydliyinə etiraz edib: “Özlərini elita sayan müəyyən təbəqə bu dilin çörəyini yeyir, amma bu dildə danışmağı əskiklik sayır”.

 

Yazı qaydalarının qorunması baxımından saytın əhəmiyyətini vurğulayan S. Rüstəmxanlı işin davam etdiriləcəyini söyləyib: “Saytın arzuladığımız mükəmməl səviyyəyə yüksəlməsi üçün illərlə vaxt lazımdır və inanıram ki, kollektivimiz bu işin öhdəsindən gələcək”.

 

Tədbirdə digər ziyalılar Qulu Məhərrəmli, Ramiz Əsgər, Səlim Babbullaoğlu, Pərviz Cəbrayıl, Qan Turalı, Cavid Zeynallı, Şərif Agayar və s. iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar