Azərbaycan: tolerant ölkə
06 iyun 2013 09:06 (UTC +04:00)

Azərbaycan: tolerant ölkə

Şərqlə Qərb arasında körpü rolunu oynayan, əsrlərdən gələn zəngin tarixi, mədəniyyəti özündə ehtiva edən Azərbaycan artıq ikinci dəfədir ki, təşkil olunan Mədəniyyətlərarası dialoqa ev sahibliyi etməklə həm də müxtəlif  mədəniyyətlərin toqquşduğu, mədəniyyətlərarası həmrəyliyin qorunub saxlanıldığı bir məkan kimi özünü təsdiqləmişdir. Məhz  forumun keçirilməsi ideyasının və təşkilinin Azərbaycan tərəfindən irəli sürülməsi ölkəmizdə  tolerantlığın hökm sürməsinin bariz sübutudur.

Azərbaycan çoxmilli, dini birgəyaşayışın hakim olduğu unikal bir modelə malikdir.   Əsrlər boyu Azərbaycan bu ərazilərdə məskunlaşmış bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün vahid dövlət rolunu oynamışdır. Bu gün Azərbaycanda azsaylı xalqlar və etnik qruplar, sözün həqiqi mənasında, bir ailənin üzvü kimi yaşayırlar. Azərbaycanın uğurlu inkişafına təkan verən amillərdən biri də məhz qeyri-millətlərə qarşı hər cür ayrıseçkiliyin ləğv olunması, sabit mühitin qorunub saxlanılmasıdır. Digər millətlərin və dinlərin nümayəndələri özlərini Azərbaycanın bərabərhüquqlu vətəndaşı hesab edirlər.

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu göstərdi ki, Azərbaycan nəinki mədəniyyətlərarası dialoqun keçirilməsi üçün zəmin hazırlayır, həmçinin  dünya mədəniyyətinə, sivilizasiyalararası qarşılıqlı mübadiləyə də öz töhfələrini verir. “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında baş tutan forumda 100-dək ölkənin dünyaca məşhur nüfuzlu simaları  iştirak etmişdir. Forum iştirakçıları Azərbaycanın inkişafının, uğurlarının əyani şahidi olmuş və çıxışlarıyla bunu təsdiqləmişlər. II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatıdır. Bu isə Forumun əhəmiyyətliliyinin, aktuallığının, zəruriliyinin dünya birliyi tərəfindən tanınmasının göstəricisidir. Forum sübut etdi ki, baş verən narazılıqları, ciddi təhlükələri qarşılıqlı fikir mübadiləsi, anlaşmayla həll etmək mümkündür. Forum həmçinin dialoqa nail olmaqla gələcək bir çox problemlərin həllinə  yalnız birgə mübarizə, səylə nail olunması qənaətinə gətirdi, dövlətləri bir məqsəd ətrafında toplamaqla arzu olunan problemsiz gələcəyin mövcudluğu üçün ümumi razılaşmayla nailiyyətlərin əldə olunması  mümkünlüyünü isbat etdi.  

Belə bir yüksək səviyyəli təşkil olunmuş forum dünyanın ayrı-ayrı ölkələrinin bir-biri ilə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq imkanı yaradır. Forum güclü, etibarlı və  arzuolunan tərəfdaş kimi Azərbaycanın bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətinin uğurlu davamıdır.  Forum  Azərbaycanın zəngin tarixi, mədəniyyəti, iqtisadiyyatı – bir sözlə, Azərbaycan reallıqları  haqqında daha çox məlumat almaq imkanını yaratdı. Forum iştirakçılarının Azərbaycanı tolerant ölkə kimi xarakterizə etməsi, Azərbaycanın sürətli inkişafı, sabit sosial-iqtisadi inkişaf yolunda irəliləməsi ilə bağlı rəyləri Azərbaycanın perspektivli, gələcəyə istiqamətlənmiş uğurlu siyasətinin nəticəsiz qalmadığını, daim dünya birliyinin diqqət mərkəzində olduğunu göstərdi.

Nəticədə, sülh, əmin-amanlıq və sabitliyin mövcudluğu ilk öncə insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət əsasında qurulan münasibətlərlə bağlıdır. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan Forum məhz dövlətlərarası anlaşmaya, qarşılıqlı əməkdaşlığa, birgə müzakirələrə səsləyən humanist çağırış oldu. Forumun  mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynayacağı, ölkələr arası mədəni əlaqələrin genişlənməsinə töhfələr verəcəyi şəksizdir..

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"

İctimai Birliyinin  fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar