Auditorlar Palatasının sədri UNEC tələbələri qarşısında
UNEC-də Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun iştirakı ilə elmi seminar keçirilib.
“Elmi-tədqiqat ili” çərçivəsində keçirilən seminara “Mühasibat uçotu və audit” kafedrasının professor-müəllim heyəti, Maliyyə və mühasibat fakültəsinin tələbələri qatılıblar.
Professor V.Novruzov “Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, dünya iqtisadiyyatında baş verən təlatümlərin iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırdığını bildirərək, bunların içərisində şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsinin müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Professor müasir şəraitdə auditin vəzifələrini daha dolğun və cəmiyyətin maraqlarını təmin edə biləcək bir səviyyədə reallaşdıra bilməsi üçün peşəkarlıq, zəruri diqqətlilik, peşə biliklərinin davamlı yüksəldilməsi, peşə xidmətlərinin lazımi səviyyədə təmin edilməsi, qanunvericiliyə və peşə standartlarına tam riayət olunması, peşəyə xələl gətirən hərəkətlərə yol verilməməsi kimi bir sıra vacib tələblərə cavab verməli olduğunu bildirib. Vurğulanıb ki, yalnız bu şərtlər daxilində audit özünün təkcə iqtisadi rolunu yox, həm də sosial öhdəliklərini yerinə yetirmək hüququ qazana bilər və bizim fəaliyyətimizin əsas məqsədi də bundan ibarətdir.
Müzakirələrlə davam edən seminarda təkliflər səsləndirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
264