ARDNŞ-dən işçilərinə seksual təhrik iddiasına sərt reaksiya
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının növbəti bəyanatı ARDNŞ-nin çoxminli kollektivini hiddətləndirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət şirkətinin yaydığı bəyanatda deyilir:
“Guya son vaxtlar onun rəhbərlik etdiyi təşkilata Dövlət Neft Şirkətinin idarə və müəssisələrində qadınlara qarşı cinsi təhriklə bağlı 20 qadın tərəfindən şikayətlər daxil olub və bu şikayətlərin sayı getdikcə artır. ARDNŞ bu açıqlamanı Mirvari Qəhrəmanlının və mümkündür ki, onunla birlikdə hərəkət edən şəxslərin Şirkətin işgüzar nüfuzuna zərər yetirmək cəhdi kimi qiymətləndirir və bu iddiaları qətiyyətlə rədd edir.
Bildiririk ki, ARDNŞ-yə ayrı-ayrı şəxslərdən müxtəlif səpkili çoxsaylı müraciətlər daxil olur, lakin son bir neçə il ərzində bu qəbildən olan yalnız bir müraciət daxil olub. Obyektiv araşdırılma nəticəsində müraciətdə qeyd olunan hallar öz təsdiqini tapmayıb.
Bu səbəbdən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti M.Qəhrəmanlıdan onda və ya onun rəhbərlik etdiyi təşkilatda müvafiq məzmunlu faktların mövcud olduğu halda, onların obyektiv araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək layiqli cəzalandırılmasını təmin etmək məqsədilə həmin sənədlərin Şirkətə və yaxud aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına rəsmi təqdim olunmasını tələb edir. Əks təqdirdə Şirkət işgüzar nüfuzunun qorunmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
5195