Jurnalist Anar Niftəliyev həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.
Lent.az-ın məlumatına görə, jurnalistin müraciətində deyilir:
“Hörmətli cənab nazir!
Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva) 20 sentyabr 2013-cü ildə “Medi Sina Klinikası”nda cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən dünyasını dəyişib və faktla bağlı 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.
Sentyabrın 20-də Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində verilən ilkin, daha sonra yekun və komisyon ekspertizanın rəyində ölümün səbəbi kimi “nəfəs çatışmazlığı” göstərilib.
Dekabrın 26-da isə Səhiyyə Nazirliyindən Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işinə əlavə olunması üçün göndərilən rəydə bildirilir: “E.Niftəliyevanın “Medi Sina Klinikası ” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya “Medi Sina Klinikası ” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir”.
Bütün ekspert qənaətləri bir daha təsdiqləyir ki, bu ölüm həkim səhlənkarlığının nəticəsi və həkim qətliamıdır.
Hörmətli cənab nazir!
9 yanvar 2014-cü il tarixdə E. Tofiqqızının ölümünə bais olan həkimlərdən biri – Firuz İbrahimov ölkənin baş ankoloq və anestezioloq-reanimatoloqları da daxil olmaqla, ekspertlərin verdiyi bütün rəyləri şübhə altına aldığını və əməliyyatın doğru keçdiyini bildirir, günahsızlığını sübut eləmək kimi absurd iddiaya düşür.
Əgər bir həkim bütün Azərbaycan səhiyyəsi mütəxəssislərinə meydan oxuyurcasına doğru etdiyini bildirirsə və onun doğru bildiyi üsul insan ölümünə səbəb olursa, haradan əminlik var ki, bu həkim adına ləkə olası Firuz İbrahimov sabah yenə “doğru bildiyini” etməyəcək və nəticədə yenə növbəti qətllərin baiskarına çevrilməyəcək?
Bu həkim və bunun kimilər yanlışlıqlarını etiraf etmək əvəzinə müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışırsa, vicdanını itirmiş belələrinin sayəsində Azərbaycan səhiyyəsinin hansı uçurum qarşısında olduğunu təsəvvür etmək çətin deyil.
Hörmətli cənab nazir!
Əvvəlki məktubumda da sizə müraciətlə, heç olmasa, istintaq müddətində qətli həyata keçirən hər üç həkimin fəaliyyətinə məhdudiyyətlər qoyulmasını xahiş etmişdim. Çünki Baş Prokurorluq istintaq müddətində bu səlahiyyətə sahib deyil, bu hüquqi səlahiyyətlər yalnız Səhiyyə Nazirliyinə və şəxsən sizə aiddir.
Ancaq təəssüf ki, Səhiyyə Nazirliyinin “əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində nöqsanlara yol verdiyini” bildirdiyi həkimlər - onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Klinik xəstəxananın onkoloqu), Fərəcullah İdrisov (Topçubaşov adına Elmi-Təhqiqat Klinik xəstəxanası) və Firuz İbrahimov (1 saylı Şəhər Klinik xəstəxanası) heç nə olmamış kimi öz fəaliyyətlərini davam etdirirlər və Səhiyyə Nazirliyi öz rəyinə uyğun olaraq onlar haqqında hər hansı ölçü götürmür ”.
Jurnalist müraciətində nazirdən xahiş edir ki, əməliyyatda iştirak edən həkimlərlə bağlı ölçü götürülsün və onların həkimlikdən uzaqlaşdırılması barədə qərar versin.