Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin vətəndaşların müraciətlərinə daha dəqiq və operativ yanaşma, problemlərin həlli, vətəndaş məmnunluğunun təminatı, qəbullarının mütəmadi aparılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbuluna dair tapşırıqlarına əsasən Analitik Ekspertiza Mərkəzi tərəfindən kompleks tədbirlər görülür.
Mərkəzdə vətəndaşların müraciətlərinə operativ və dolğun baxılması, vətəndaş qəbullarının müasir tələblərə uyğun təşkili, səyyar və virtual qəbulların mütəşəkkil keçirilməsi, səhiyyədə kargüzarlığın qaydaları və təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və s. mövzulara dair mütəmadi müzakirələr aparılıb.
Bildirək ki, bu məqsədlərlə yaradılmış yeni xidmətin əsas fəaliyyət istiqamətlərinə sahibkar və vətəndaşların müraciətlərinin qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim edilməsi, eləcə də, şikayət və sorğuların qəbulu və cavablandırılması və s. mühüm məsələlər bir pəncərə prinsipi ilə fəaliyyət göstərəcək.
Belə ki, Mərkəzə daxil olan vətəndaş və ya sahibkarların müraciətlərinin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün Mərkəzin digər şöbələrinə yönəldilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, bilavasitə şifahi müraciət şəxslərin aidiyyəti üzrə yönləndirilərək suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq.