“Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 7 may 2013-cü il tarixli qərarı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərdən 2700-2800 şəxs azadlığa buraxılacaq”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov deyib.
R. Ramazanov amnistiya aktı şamil edilən, lakin barələrində məcburi müalicə haqqında qərar olan şəxslərin həmin qərar götürüldükdən sonra azadlığa buraxılacaqlarını bildirib: “12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərdən 200-dən çoxuna amnistiya aktı şamil olunacaq. Lakin onlardan 190 nəfərə yaxın şəxsin barəsində narkomaniyadan məcburi müalicə haqqında qərar var. Həmin qərar isə yalnız məhkəmələr tərəfindən götürülə bilər. Yəni həmin şəxslər müalicələrini tam başa vurduqdan və məhkəmə qərarı ləğv edəndən sonra onlar da azadlığa buraxılacaqlar ” .
İdarə rəisi Azərbaycan müstəqillik əldə etdikdən sonra 10 amnistiya aktının imzalandığını bildirib: “İndiyə kimi imzalanan amnistiya aktları ümumilikdə 100 mindən çox şəxsə şamil olunub”.
R. Ramazanov son vaxtlar Penitensiar Xidmətin müəssisələrində islahatlar aparıldığını, məhkumların saxlanma şəraitinin yaxşılaşdırıldığını da qeyd edib: “Bir neçə cəzaçəkmə müəssisələri tikilib ki, onlar beynəlxalq standartlara cavab verir. Məhkumlar üçün daha yaxşı şərait yaradılır. Lakin biz istəyərik ki, Azərbaycanda məhkumların sayı çox az olsun. Hər kəs qanunlarımıza hörmətlə yanaşsın ”.
Qeyd edək ki, bu gündən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisələrində “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının icrasına başlanıb.
Amnistiya barədə qərar 14 və 12 saylı Cəzaçəkmə Müəssisələrində icra edilib. Nəticədə 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 5, 12 saylı Cəzaçəkmə Müəssisəsindən isə biri Gürcüstan vətəndaşı olmaqla 3 məhkuma azadlığa buraxılıb.
Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.