Azərbaycan Milli Elmlər Akademiyasında alimlərin elmi araşdırmalarda əldə etdikləri yüksək nailiyyətlərinin qiymətləndirilməsi üçün Nizami Gəncəvi adına qızıl medal təsis ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yeni medalın təsisi elmin inkişafına mühüm töhfələr verən alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasında başlıca amillərdən biri ola bilər. Medal Azərbaycan elminin inkişafında görkəmli nailiyyətlərinə görə seçilən alimlərə təqdim ediləcək.
A. Əlizadə AMEA üzvləri üçün döş nişanlarının təsis olunmasının vacibliyini də qeyd edib. Akademikin sözlərinə görə, döş nişanlarının eskizində Nizami Gəncəvinin əks olunması düşünülür: “Bu barədə danışıqlar aparılıb, razılıq əldə olunub. Hazırda texniki işlər və döş nişanlarının eskizi hazırlanır. Bundan əlavə, akademiyada adlı mükafatları yaratmaq niyyətindəyik. Hər bir bölmədə bu məsələ müzakirə edilərək yekun qərar qəbul olunandan sonra müvafiq qərar veriləcək”.