ADU Qlazqo Universiteti ilə tələbə mübadiləsi edəcək
06 may 2013 20:14 (UTC +04:00)

ADU Qlazqo Universiteti ilə tələbə mübadiləsi edəcək

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olub.

 

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor Səməd Seyidov səfər zamanı Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli, Qlazqo Universitetinin prorektoru, professor Andrea  Nolan, Qəbul Departamentinin rəhbəri, Sosial elmlər fakültəsi, Təhsil fakültəsinin rəhbərləri və Xarici əlaqələr departamentinin rəhbəri ilə görüşlər keçirib, əməkdaşlığın mümkün sahələri haqqında fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı ADU və Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalanıb. Sənədi Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli və ADU-nun rektoru, professor Səməd Seyidov imzalayıblar. Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.

 

Sonra ADU-nun rektoru, professor Səməd Seyidovun Qlazqo Universitetinin tələbələri ilə görüşü olub. Azərbaycanın regionda hər sahədə lider ölkə olduğunu bildirən rektor respublikamızda və bölgədə baş verən proseslərin Britaniya təhsil cəmiyyətinə çatdırılmasında, eyni zamanda bu ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təhsil təcrübələrindən istifadə edilməsində bu əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

 

Qeyd edək ki, nümayəndə heyəti Böyük Britaniyanın İpsviç şəhərində yerləşən Suffolk Universitetində, həmçinin Esseks Universitetində görüşlər keçirib. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Fəxrəddin Qurbanovun iştirakı ilə ADU-nun rektoru, professor Səməd Seyidov və Suffolk Universitet Şəhərciyinin rektoru, professor Mayk Saks iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

 

Səməd Seyidov Esseks Universiteti və Azərbaycan Dillər Universiteti arasında olan 2+2 layihəsinin gedişi haqda müzakirələr aparıb. Xatırladaq ki, ADU ilə Esseks Universiteti arasında müqaviləyə əsasən, ADU-nun Pedaqoji fakültəsinin tələbələri iki illik bakalavr təhsilinin qalan iki ilini sözügedən universitetdə davam etdirə bilərlər. Razılaşmaya görə, təhsilini bitirən tələbələrə həm ADU-nun, həm də Böyük Britaniya universitetinin ikili diplomları verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1123
avatar

Oxşar yazılar