Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2013-2014-cü tədris ilinin başlanmasına həsr edilən tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə ADPU-nun rektoru Yusif Məmmədov yeni tədris ilinin başlanması münasibətilə çıxış edərək tələbə-gəncləri və onların valideynlərini təbrik edib və tələbələrə təhsildə uğurlar arzulayıb. Y. Məmmədov qeyd edib ki, bu il ADPU-ya ali təhsilin bakalavriat pilləsində əyani şöbəyə 10 fakültə, 21 ixtisas üzrə 1670 nəfər, qiyabi şöbəyə isə 10 ixtisas üzrə 119 nəfər qəbul edilib: “Bütövlükdə builki tədris ilində ADPU-ya 1789 nəfər bakalavr qəbul edilib. Eyni zamanda bu il ADPU-ya ali təhsilin magistratura pilləsində əyani şöbəyə 50 ixtisas, 27 istiqamət üzrə 232 nəfər, qiyabi şöbəyə isə 21 ixtisas, 14 istiqamət üzrə 105 nəfər magistrant qəbul edilib. Ümumilikdə, bu il universitetin magistraturasına 337 nəfər daxil olub. Respublikanın ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçməsi ilə əlaqədar olaraq bu il ADPU-ya dövlət sifarişi əsasında ali təhsilin bakalavriat pilləsində 663 nəfər qəbul edilib. Cari tədris ilində ADPU-nun magistraturasına isə dövlət sifarişi əsasında 150 nəfər daxil olub”.
Təhsil naziri Mikayıl Cabbarov isə tələbələr qarşısında geniş məruzə ilə çıxış edib. Nazir cari təhsil ilində görüləcək işlər, həyata keçiriləcək islahatlar barədə məlumat verib və müəllimləri, tələbələri bu istiqamətdə dəstək olmağa çağırıb. Ali təhsil sistemində mövcud olan problemlərdən danışan nazirin sözlərinə görə, hər kəs təhsilin inkişafına öz xidmətlərini göstərməlidir.
ADPU-da yeni dərs ilinə həsr edilən tədbir keçirilib
645