Azərbaycan Dövlət İqtisad Universitetində differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb. Qərar Elmi Şuranın iclasında qəbul edilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmək haqqlarına differensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir.
Yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedoqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək. Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq.
Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əmək haqqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1-2 misli qədər nəzərdə tutulmuşdur.
Müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərmiş kafedra müdiri əmək haqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət edə biləcək.
Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən differensial əmək haqqı sisteminin üstünlüklərinə əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi və uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi daxildir.