Dünən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Jurnalistika və İnkişaf Mərkəz İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Lent.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, layihənin 4 aydır icra olunduğunu deyən Birlik sədri Elməddin Muradlının sözlərinə görə, tədbirin keçirilməsində başlıca məqsəd ictimaiyyətin diqqətini son vaxtlar artan yol nəqliyyat hadisələrinə yönəltmək və qəzalara “dur” deməkdir: “Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Biz bir həftə ərzində 8-10 ağır yol nəqliyyat hadisəsinin şahidi oluruq. Elə gün olur ki, bir yol qəzasında 5-6 nəfər insan həyatını itirir. Cari ilin 6 ayı ərzində yol qəzalarında həyatını itirən insanların sayı 400-ü keçib. Əksəriyyəti isə piyada ölümləridir ki, bu da sürücülərlə piyadalar arasındakı qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək, təbliğat tədbirlərini gücləndirmək lazımdır”.
Tədbirdə çıxış edən hüquqşünas ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol qəzalarının sayının artmasının əsas səbəblərindən biri ortada konkret proqramın olmamasıdır: “Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər arasındakı münasibətlər həddindən artıq gərgindir. Hesab edirəm ki, bu münasibətləri tənzimləmək üçün elmi cəhətdən əsaslandırılmış həll üsullarından faydalanmaq, xarici təcrübələrə müraciət etmək lazımdır. Ölkəmiz müasirləşsə də, yeni yollar yollar çəkilsə də, təfəkkür dəyişməyib. Avtomobillərin sayı artdıqca qəzaların da sayı artır. Heç kəs polislə sürücülər arasında yaşanan münaqişələrin kökünə varmır ki, bu aqressiya haradan qaynaqlanır. Axı niyə cəmiyyət yollarda asayişi qoruyan DYP əməkdaşlarına qarşı bu cür mövqe tutur?”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov isə çıxışında son illər baş verən yol qəzaları ilə bağlı statistikaya toxunub: “Yollarda baş verən qəzalara nəzər yetirdikdə adama elə gəlir ki, Azərbaycanın yollarında müharibə gedir. 2011-2014-cü illər ərzində yol qəzalarında dünyasını dəyişən insanların sayı hər il 1200-1300 nəfər arasında dəyişib. Ən acınacaqlısı da odur ki, cəmiyyət yol qəzalarının artmasına səbəbkar kimi sürücülərdən daha çox yol polislərini görür. Halbuki yol polisləri olmasa Azərbaycan yollarında avtocəngəllik baş alıb gedər. Yol polislərinə qarşı bu münasibət dəyişməlidir”.
Sözügedən məsələlərlə bağlı jurnalistlərin rolunu ön plana çəkən millət vəkilinin sözlərinə görə, informasiyasının çatdırılması çox əhəmiyyətlidir: “ Hesab edirəm ki, əsas diqqət sürücü mədəniyyətinin artırılmasına yönəldilməlidir. Bizim sürücülərin mədəniyyət göstəricisi orta dünya statistikasından belə qat- at aşağıdadır. Qəzaların artmasının əsas səbəbi isə insan faktorudur”.
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müavini Mübariz Abbasov isə təmsil etdiyi qurumun yol qəzalarının qarşısının alınması istiqamətində ciddi işlər gördüyünü deyib: “2015-ci ilin ilk 6 ayında baş verən yol qəzaları 2016-cı ilin ilk 6 ayında baş verən yol qəzalarından iki dəfə çox olub. Biz bu istiqamətdə maarifləndirmə işləri aparırıq”.
Tədbirdə həmçinin Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Azersun Holding” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afiq Səfərov də çıxış edərək yol polisləri ilə sürücülər arasında münasibətlərin gərginləşməsinin obyektiv və subyektiv səbəblərinə, bu sahədə təmsil etdikləri qurumlar tərəfindən görülən maarifləndirmə tədbirlərindən söz açıblar.
Tədbirin sonunda Polis Günü və Formula 1 yarışlarının təşkilindəki nümunəvi xidmətlərinə görə 21 yol polisi əməkdaşına Avtosfer.az saytının və “Digesta” hüquq firmasının diplomları və “Azersun Holding”in hədiyyələri təqdim olunub.