Yeni orfoqrafiya lüğəti işıq üzü görür: mübahisələr həllini tapdı? - <span style="color:red;">AÇIQLAMA
26 sentyabr 2019 13:39 (UTC +04:00)

Yeni orfoqrafiya lüğəti işıq üzü görür: mübahisələr həllini tapdı? - AÇIQLAMA

Yeni orfoqrafiya lüğətinin gələn həftə nəşr üçün təqdim olunması nəzərdə tutulub.
 
Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.
 
Yeni lüğət hansı xüsusiyyətləri ilə seçiləcək və əvvəlki nəşrdən fərqli olaraq hansı çatışmazlıqlar yer almayıb?
 
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov bildirib ki, yeni orfoqrafiya lüğətinin qaydaları ilə bağlı uzun müddət Azərbaycan cəmiyyətində  mütəxəssislər, qeyri-mütəxəssislər, sıravi insanlar, orta məktəb müəllimləri, ziyalılar müzakirə aparıb, münasibətlərini bildiriblər: “Rəyçisi olduğum üçün orfoqrafiya lüğəti ilə hərtərəfli tanışam. Mənə elə gəlir ki, yeni nəşr olunacaq orfoqrafiya lüğəti dövrün tələlərinə cavab verəcək. Orfoqrafiya qaydaları ilə bağlı əvvəlcə fikir müxtəlifliyi ortaya çıxdı. Sonra mübahisələrə səbəb olan məsələlər bir daha saf-çürük olundu və doğru qərarlar verildi. Ona görə yeni orfoqrafiya lüğətində mübahisəyə səbəb olacaq bir məsələ yoxdur. Ənənəvi qaydalar nəzərə alınıb. İnsanların gözünün, beyninin alışdığı orfoqrafiya qaydaları yer alıb”.
 
B.Xəlilov qeyd edib ki, dilimizə daxil olan yeni sözlər də lüğətdə yer alıb.  Onun sözlərinə görə, nəşrdə indiyə qədər dilin lüğət tərkibində olan sözlərin qaydaları ilə yanaşı, yeni sözlərin hansı qayda ilə yazılacağı da əksini tapıb: “Lüğət cəmiyyətdə mübahisə yaratmayacaq. İnsanların stolüstü kitabına çevriləcək. Cəmiyyətin tələbini ödəyəcək lüğətə çevriləcəyinin səbəbi onunla bağlıdır ki, uzun müddət müzakirədə olundu. Ziyalıların bir qrupu lüğətdəki bir sıra sözlərin yazılışı, mövcud qaydalarla bağlı münasibət bildirdilər. Bunların hamısı nəzərə alındı. Cəmiyyətin alışdığı, vərdişə çevirdiyi qaydalar yerində qalıb. Ona görə bu lüğət daha mükəmməldir. Bundan əvvəlki lüğət 2013-cü ildə nəşr olunub. Ötən müddətdə Azərbaycanın iqtisadi-siyasi, elmi, mədəni həyatında da dəyişikliklər var.  Bu dəyişikliklər dilin lüğət tərkibini zənginləşdirir”.
 
Qeyd edək ki, bundan əvvəlki  lüğətdə 110 563 söz var idi. B.Xəlilov bildirib ki, bu dəfə say əvvəlkindən az olacaq: “Keçmiş orfoqrafiya lüğətində müəyyən sözlərin qrammatik formaları da verilirdi. İndiki lüğətdə isə sözün başlanğıc formasına daha çox üstünlük verilib.  Bəzən 110 563 sözə irad tuturdular, deyirdilər ki, bu qədər söz nəyə lazımdır? Ona görə yeni nəşrdə bir sistem yaradıldı və sözlərin başlanğıc forması verildi”.
 
B.Xəlilov bildirib ki, orfoqrafiya lüğətini hazırlayanlar peşəkarlar, mütəxəssislər olmalıdırlar.  Onun sözlərinə görə, mütəxəssis olmayanların orfoqrafiya lüğəti yazması yaxşı hal deyil: “Dilçilik İnstitutunun hazırladığı lüğətə xüsusi önəm verilməlidir. Ona görə ki, orada mütəxəssislər çalışır. Tətbiqi dilçilik (əvvəlki lüğətşünaslıq) şöbəsi var. Uzun illərdir bu işlə məşğul olunur. Yazıçı və şairlərin dilinin izahlı lüğəti öyrənilir, həm də Azərbaycan dilinin bütövlükdə izahlı lüğəti öyrənilir. Lüğətşünaslıq, xüsusilə orfoqrafiya lüğəti həvəskar səviyyədə ola bilməz. İnstitutun hazırladığı lüğət peşəkardır, dilin qayda-qanununa uyğun olmayan, gülüş doğuran sözlər yer almayıb.  Yaranan mübahisənin, narazılığın qarşısını almaq üçün hətta elmi prinsipləri kənara qoyub, köhnə ənənəyə sadiq qalınaraq yazılış qaydaları saxlanılıb”.
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100
avatar

Aygün İbrahimli

Oxşar yazılar