Fonddan APA-ya verilən məlumata görə, Leyla Əliyevanın dəvəti ilə iyunun 26-dan Azərbaycanda səfərdə olan 18 nəfərlik tələbə heyəti ölkəmizdə “Bakı 2015” birinci Avropa Oyunları zamanı olmalarından məmnun qaldıqlarını bildiriblər. Gənclər Avropa Oyunlarının bağlanışı mərasimində iştirak etdiklərini və bu möhtəşəm şounun onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.
Görüşdə Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlıq məsələləri və bu əməkdaşlığın genişləndirilməsi üzrə koordinasiya bürosunun yaradılması, AMOR-un fəaliyyətinin internet saytları və sosial mediada genişləndirilməsi məsələləri müzakirə edilib.
Rusiyalı tələbələr Azərbaycana bu səfərin təşkilinə göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Bakıda Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən Muzeylə tanış olduqlarını, eləcə də paytaxtın tarixi və müasir məkanlarında olduqlarını bildiriblər. Tələbələr dövlətin gənclərə-ölkənin gələcəyinə olan qayğısının onları heyran etdiyini deyiblər. Gənclər, həmçinin Quba Soyqırımı Memorial Kompleksində də olublar və Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırım hadisələri ilə yaxından tanış olduqlarını qeyd ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müxtəlif ölkələrə bu cür səfərlərin sosial ünsiyyətin genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib və iki ölkə arasında gənclərin gələcək əməkdaşlığına dair öz tövsiyələrini verib.