Mayın 12-də Bakının Əhmədli qəsəbəsində Neapol dairəsinin yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri aksiya keçiriblər.
Sakinlərin etirazına səbəb isə bir neçə il öncə ev aldıqları “Fateh-N” MTK şirkətinin rəhbərliyinin qaçmasıdır.
Aksiyaçılar “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, uzun illərdir ki, yarımçıq qalan binada yaşamaq məcburiyyətində qalıblar. Sakinlər binaya öz hesablarına su və elektrik xətti çəkiblər.
Sabirabad rayon sakini Samir Adıgözəlov deyir ki, 2006-cı ildə aldığı mənzilin bütün pulunu ödəyib: “Müqavilə əsasında pul nə qədərdirsə vermişəm. Digər bina sakinləri də, mənim kimi evlərinin pullarını veriblər. Heç kəsin bu tikinti şirkətinə borcu yoxdur. 7 ildir ki, bina bu vəziyyətdədir. Tikintini yarımçıq qoyub qaçıb gediblər. İndi biz dərdimizi deməyə bir nəfər tapa bilmirik. "Fateh-N" MTK-nın ofisinin qapısı o vaxtdan bağlıdır. Evləri satan Mahir Kərimov adlı şəxs bir dəfə də olsun bizim qarşımıza çıxıb bir söz deməyib. Bizi görən kimi tez qaçır. 7 ildir ki, kirayədə qalıram. Niyə görə öz evim ola-ola mən kirayədə çürüməliyəm?"
Aksiya iştirakçıları bildirdilər ki, bir neçə ay öncə də yığışıb evlərini tələb ediblər: “Tez gəldilər ki, bəs narahat olmayın. Bizə bir-iki ay möhlət verin, binanı tam tikib sizə təhvil verəcəyik. 296 ailənin ümidi bircə Allaha qalıb. Su, işıq, qaz yoxdur. Camaat öz hesabına su motorları alaraq mənzilinə su çəkib. Nə vaxta kimi bizim uşaqlarımız kranın altında dərsə gedib-gələcək? Bir neçə dəfə binamızda yanğın olub. Elektrik naqillərinin üstü açıqdır, binada yenə də yanğın ola bilər. Binanın divarlarında iri çatlar əmələ gəlib. Bir balaca külək olan kimi bina silkələnir. Balaca bir zəlzələ baş versə bina tamamilə uçacaq. Qorxu və təhlükə içərisində yaşayırıq”.
Sakinlər deyir ki, növbəti dəfə Prezident Administrasiyasına doğru yürüş edəcəklər: “Binanın tikintisinə şərik olan şəxslər verdiyimiz pulu öz aralarında dədə malı kimi bölərək aradan çıxıblar. Hətta mənzillərin pəncərəsini qoyacaq Ramin adlı şəxs 300 min manatdan çox pulu mənimsəyərək qaçıb: "Bu qədər dələduzluq edən şəxsləri polis, prokuror axtarıb tapa bilmir.
Bir sadə vətəndaş yüngül bir cinayət törətsə görün onu dərənin dibindən necə tapırlar. İndi bu adamlar bizim evimizi bir neçə nəfərə satıb. Həmin adamlar da gəliblər ki, bəs bu evi mənə də satıblar çıxın burdan. Biz haqqımızı tələb edirik. Sona qədər də edəcəyik".