Əmək pensiyalarının orta aylıq məbləği 175,1 manatdır
30 sentyabr 2015 11:51 (UTC +04:00)

Əmək pensiyalarının orta aylıq məbləği 175,1 manatdır

0

Azərbaycanda ahıl şəxslərin həm pensiya təminatı, həm də ayrı-ayrı təqaüd növləri ilə təminatı da ilbəil gücləndirilir.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanda 01 iyul 2015-ci il tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.

Böyük Vətən müharibəsi əlillərinə verilən Prezident təqaüdləri də əsaslı şəkildə artırılıb. 2014-cü il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Bununla yanaşı, Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği 2014-cü ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( ƏƏSMN)  tərəfindən 1068 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib.

Hazırda respublikamızda 12 569 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 10 251 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. ƏƏSMN-nin tabeliyində olan sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır. Bilgəh müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) son illər beynəlxalq təcrübədən irəli gələn meyarlara cavab verən infrastruktur yaradılıb. Burada tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təminatı həyata keçirilir və onların asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait mövcuddur.

Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də davamlı tədbirlər görülür.

Qeyd edək ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.

Xatırladaq ki, sabah Beynəlxalq Ahıllar günüdür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar