Nazirlik: tələbələrin köçürülməsi davam edir
07 avqust 2017 16:39 (UTC +04:00)

Nazirlik: tələbələrin köçürülməsi davam edir

 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, iyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Bu günədək 600 nəfər tələbə orta ixtisas, 2200 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün  elektron portaldan qeydiyyatdan keçib. Tələbələr ölkənin istər dövlət və istərsə də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər. Həmçinin, tələbələr eyni ixtisas qrupu çərçivəsində də yerdəyişmə edə bilərlər.

 

Təhsil Nazirliyindən “Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, digər ali təhsil müəssisələr kimi, “Təfəkkür” Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir. “Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və  Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər. Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz köçürülməsi üçün lazımi şərait yaradılıb.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

 

Qeyd edək ki, transfer.edu.az portalı vasitəsi ilə tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.

# 146
avatar

Oxşar yazılar