GÜNÜN ŞƏRHİ
Neft ölkələri daha çox nefti daha ucuz qiymətə satmağı, daha az nefti daha baha qiymətə satmaqdan üstün tutdular. Doha görüşünün ümumi yekununu bir cümlə ilə belə ifadə etmək olar. Görüşün siyasi və iqtisadi nəticələri isə çoxdur. Ən böyük nəticə isə sözsüz ki, OPEK-in imicinə zərbə dəyməsidir. Bu görüşdən sonra OPEK artıq dünya neft bazarında söz sahibi statusunu faktiki itirmiş olub. Doha müzakirələri indiyədək gizli inkişaf edən Rusiya-İran ziddiyyətlərinin ön plana çıxması ilə nəticələnib. Baş verənlər Rusiya və İranın maraqlarının ilk dəfə açıq müstəvidə toqquşmasıdır. İran öz maraqlarına üstünlük verərək müttəfiqi Rusiyanın deyil, düşməni ABŞ-ın əlinə oynadı və neftin bahalaşmasına imkan vermədi. Neftin ucuzlaşması inkişaf etmiş ölkələrin maraqlarına cavab verir, ucuz neft nəqliyyat xərclərinin və deməli, məhsulların maya dəyərinin də ucuzlaşması deməkdir. Ucuzlaşma təkcə iqtisadiyyatı neftdən asılı olan ölkələrə sərf etmir, onları külli miqdarda neft dollarından məhrum edir. Bu mənada Qərblə Rusiyanın maraqları tərs-mütənasibdir və sanksiyalar dövründə öz iqtisadiyyatının neft gəlirlərindən asılılığını aradan qaldıran İran Qərbin tərəfini tutmuş oldu.
Doha görüşündən sonra dünya yenidən sıfır nöqtəsinə qayıtdı. Qiymətin bahalaşmasını istəyən dövlətlərin əlində məqsədə nail olmaq üçün yalnız bir yol qalıb - neftlə zəngin regionlarda, ilk növbədə Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirmək. Bu, müharibələr, qanlı toqquşmalar və terror aktları yolu ilə ola bilər. Buna görə də Doha görüşünün siyasi nəticəsini belə xarakterizə etmək olar - nəticəsiz qalmış bu görüş Yaxın Şərqdə qeyri-stabilliyə yaşıl işıq yandırmış oldu.
Vüqar MƏSİMOĞLU
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Aprel[/b]
604