ABŞ-də texnologiya investoru olan 62 yaşlı Entoni Ceybin sevimli aktrisası Merlin Manro ilə "əbədi qonşu" olmaq üçün 195 min dollar xərcləyib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, 2024-cü ildə keçirilən hərracda Julien's Auctions vasitəsilə Pierce Brothers Westwood Village Memorial Park məqbərəsində bir nəfərlik dəfn yeri əldə edib.
Onun gələcək məzarı Monronun dəfn olunduğu yerdən bir sıra yuxarıda və dörd yer solda yerləşir.İnvestor bildirib ki, bu fürsət ömründə yalnız bir dəfə qarşısına çıxa bilərdi.
"Bu yeri ona görə aldım ki, bütün zamanların ən məşhur aktrisalarından biri ilə əbədi yaxınlıqda olum. O, mənim ən sevdiyim sarışındır", – Ceybin bildirib.
O əlavə edib ki, hər il Monronun doğum günündə məzarına gül göndərir.
Qeyd edək ki, ABŞ-də son illər məşhur insanların yaxınlığında dəfn olunmaq istəyən varlı şəxslərin sayı artıb. Xüsusilə, Hollywood Forever Cemetery kimi məşhur qəbiristanlıqlarda yerlərə böyük tələbat var.
Qəbiristanlığın ən nüfuzlu hissəsi sayılan "Garden of Legends" bölməsində dəfn yerlərinin qiyməti 200 min dollardan başlayır, fərdi layihə əsasında hazırlanan eksklüziv məqbərələrin qiyməti isə 6 milyon dolları keçə bilir.
Bəzi insanlar isə dəfn yerini sevdikləri sənətçilərə olan xüsusi bağlılıqlarına görə seçirlər. Rəssam Ceffri Diker aktrisa Cudi Qarland yaxınlığında yerləşən urna (mərhumun külünün yerləşdirildiyi dekorativ qab) bölməsi üçün 50 min dollardan çox vəsait ödəyib.
Onun sözlərinə görə, "The Wizard of Oz" filmi uşaqlıq illərində onun üçün reallıqdan qaçış yeri olub və buna görə də Qarlandın yaxınlığında dəfn olunmaq onun üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Woodlawn Cemetery qəbiristanlığında isə məşhur caz musiqiçilərinin dəfn olunduğu "Jazz Corner" bölməsi böyük maraq görür. Burada Dyuk Ellinqton, Maylz Devis və digər caz əfsanələrinin yaxınlığında dəfn olunmaq istəyənlər üçün yerlərin qiyməti təxminən 77 min dollara çatır.
Mütəxəssislərin fikrincə, məşhur insanların yaxınlığında dəfn olunmaq arzusu yeni ənənə deyil. Tarix boyu insanlar müqəddəslərin, hökmdarların və qəhrəmanların yaxınlığında dəfn olunmaq üçün böyük məbləğlər ödəyiblər. Bu gün isə həmin ənənə məşhurların məzarları ətrafında yeni formada davam edir.