[b]"Kreditlərlə bağlı intiharların sayı artır" -[/b] Millət vəkili
17 may 2016 13:51 (UTC +04:00)

[b]"Kreditlərlə bağlı intiharların sayı artır" -[/b] Millət vəkili

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

 

APA-nın məlumatına görə, dəyişiklik banka aidiyyəti olan şəxslər və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması ilə bağlıdır.

 

Təklif edilən dəyişikliyə əsasən banklara və bank olmayan kredit təşkilatlarına aid olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsimnə görə vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək miqdarda, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək miqdarda cərimə ediləcəklər. Səhmdar cəmiyyətlərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək miqdarda cərimə ediləcək. Digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək miqdarda, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək miqdarda cərimələnəcəklər.

 

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib ki, kreditlərlə bağlı intiharların sayı artır: “Əsas məsələ vətəndaşa dəstək verməkdir. Banklara dəstək verilir, ancaq hələ də vətəndaşlara dəstək verilməsi hallarını görmürük. Dollarla kredit götürən insanlar devalvasiyanı proqnozlaşdıra bilməzdilər. Vətəndaşların kredit borcları ilə bağlı yaxın vaxtlarda Milli Məclisdə qanunlara dəyişikliklərin müzakirəsini gözləyirəm”. 

 

Vahid Əhmədov xatırladıb ki, bank sistemində yaranmış problemlərlə bağlı bank rəhbərlərinin Milli Məclisə dəvət edilməsi təklif olunmuşdu: “Ancaq bu, baş vermədi.  Mən və həmkarım Əli Məsimli xüsusi təkliflər paketi hazırlayaraq müvafiq qurumlara və Milli Məclisin spikerinə təqdim etmişik. Bir aydır gözləyirik ki, təkliflərimizə cavab verilsin. Mən yenə də öz təklifimdə qalıram. Bank rəhbərlərini  komitələrə və Milli Məclisə dəvət etmək lazımdır. Faktiki olaraq, banklarda fiziki və hüquqi şəxslərə kredit verilməsi dayandırılıb, bank sistemində likvidlik və digər problembər qalır”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki,  V. Əhmədov və Ə. Məsimlinin təklifləri bu günlərdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq: “Bütövlükdə bank sektorunda yaranmış vəziyyət dərindən araşdırılmalıdır. Banklar son illər xeyli əsassız gəlirlər əldə ediblər. Həmkarlarımız haqlı olaraq bildirirlər ki, həmin gəlirlərin bir hissəsindən devalvasiya nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün istifadə edə bilərik. İnanıram ki, bu məsələ ilə bağlı konsensusa nail ola biləcəyik”.

 

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

# 95
avatar

APA Baycan

Oxşar yazılar