Bu gün Milli Məclisdə “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Hadi Rəcəbli deyib ki, bəzən valideynlər məlumatsızlıqdan əziyyət çəkrlər: “Məsələn, belə fikirlər səsləndirilir ki, peyvənd ziyandır. Beləliklə, dispanserizasiyadan yayınırlar. Qanunda belə yayınmaların qarşısının alınması əksini tapıb”.
Millət vəkili Hikmət Atayev qanunun “Uşaqların ümumi dispanserizasiyası” adlandırılmasını təklif edib: “Qanun layihəsindən müalicə məsələsi çıxarılmalıdır. Müayinədən sonra aşkar olunan xəstəliklərə görə ayrıca dispanserizasiya olmalıdır. Tutaq ki, vərəm xəstəlikləri ayrıca, digər xəstəlikləri ayrıca dispanserizasiya olunur. Əgər biz bu qanun layihəsinə müalicə də əlavə ediriksə, bu qanun işləməyəcək. Azərbaycanda 3 milyona qədər uşaq var. Əvvəllər nəcis və qan analizi vardı. İndi biokimyəvi, HİV-lə bağlı müayinələr var. Bu müayinələr 1 nəfər üçün ən azı 100 manat təşkil edir. Yəni 3 milyon uşağın təkcə müayinəsi 300 milyon manat edəcək. Bu, səhiyyəyə ayrılan xərclərin yarısıdır. Uşaqlarda xəstəliklər ayrılsa, ondan sonra bu xəstəliklər üzrə dispanserizasiya tətbiq edə bilərik. Yoxsa 3 milyon insanın müayinə və müalicəsini üzərimizə götürə bilmərik”.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun layihəsi prezidentin təşəbbüsü ilə təqdim olunub, Maliyyə Nazirliyi və digər orqanların də rəyləri alınıb: “Yəqin ki, qanunla bağlı bütün məsələlər nəzərə alınıb”.
Millət vəkili Cavanşir Feyziyev də qanunun bir sıra müddəalarının ziddiyyət təşkil edir: “Bəzən qanunun mahiyyəti mətbuatda ziddiyyətli çatdırılır. Guya valideynlərə qarşı məcburiyyət qoyulacaq, valideynlər cərimələnəcək”.
Millət vəkili Musa Quliyev isə Hikmət Atayevin komitənin iclaslarında iştirak etməməsini irad tutub: “İclasda bu sualların hamısının cavabı verilmişdi”.
Spiker Oqtay Əsədov qeyd edib ki, valideynlərin cərimələnməsindən söhbət getmir: “Sadəcə, valideynlər başa düşməlidirlər ki, uşaqlarını dispanserizasiyadan keçirməlidirlər”.
“Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edildi.