“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib
19 noyabr 2013 22:09 (UTC +04:00)

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad Regional Mərkəzi və Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran rayonunun M.Bağırov adına Girdəni kənd orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə FHN Cənub Regional Mərkəzinin, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Lənkəran şəhər təhsil  şöbəsinin nümayəndələri, Lənkəran rayonunun Girdəni kənd orta məktəbinin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər.

 

“Uşaq hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda çıxış edən İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları haqqında geniş məlumat verərək, son dövrlərdə uşaq hüquqlarının müdafiəsi sahəsində respublikamızda qəbul olunan normativ sənədlər və həmin qanunvericiliyə uyğun olaraq bu sahədə görülən işlər, eləcə də xüsusilə təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən bəhs edib.

 

“Fövqəladə hallar, təhlükəli vəziyyətlər və uşaq psixologiyası”, “Uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış formaları”, “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” və “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” mövzularında FHN Cənub Regional Mərkəzinin əməkdaşları çıxış edərək, məişətdə elektrik və qaz cihazlarından istifadə zamanı yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsinin, eləcə də məktəblilər tərəfindən fövqəladə hallar zamanı düzgün davranış qaydalarının və ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmlərinin mənimsənilməsinin zəruriliyini qeyd ediblər.

 

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olması üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.

 

Daha sonra məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə məktəbin təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılıb.

 

Tədbirin sonunda  “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

Oxşar yazılar