“Üçlükdə çay” yumorhall triosu: “İnsanların nəyə güləcəyini bilmək olmur”
17 mart 2016 14:50 (UTC +04:00)

“Üçlükdə çay” yumorhall triosu: “İnsanların nəyə güləcəyini bilmək olmur”

                                            

“Hər adam “standup”çı ola bilər. Əsas məsələ səhnədə özünü idarə etmək, fikri düzgün çatdırmaq və bunu yumoristik formada həyata keçirməkdir”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, “Üçlükdə çay” yumorhall triosunun üzvü Məhəbbət Cavadova deyib.

 

Aprelin 3-də Bakıda Mahaçqalanın məşhur “DA” dueti ilə birgə səhnəni paylaşacaq M.Cavadova, Azərbaycanda standup şousunun hazırkı durumundan da danışıb: “Rusiyada “İkilikdə çay” adlı qrup var. Qrupumuzun adını elə buradan götürmüşük. Biz musiqili çıxışlar edirik. Əsasən, məşhur mahnıları yumoristik şəkildə təqdim edirik. Yeri gəlmişkən, əsasən, rus dilində çıxış edirik. Amma artıq Azərbaycan dilində də çıxışlar hazırlayacağıq. Bu yaxınlarda konsertimiz olacaq. Qrupda məndən əlavə, 2 oğlan da var. Azərbaycanda məşhur bir “standup”çı olsaydı, əlbəttə ki, onu da dəvət edərdik. Bütün məşhur “standup”çılar Rusiyadadır. Oradan da qonaqlar dəvət etmişik ki, cəmiyyətimiz “standup” şounun nə olduğunu bilsin”.

 

M.Cavadova onu da deyib ki, Bakıda ilk çıxışları zamanı gülüş gözlədikləri zamanı göstərdikləri bəzi çıxışlara tamaşaçılar gülməyib və bu onları təəccübləndirib: “Zənn edirdik ki, ona güləcəklər, amma gülmədilər. Çıxış edən heç  zaman yüz faiz bilmir ki, insanlar nəyə gülə bilərlər? Senzuraya riayət edirik. Vulqar, xoşagəlməz sözlərdən uzaq olmağa çalışırıq”.

 

Verilişin digər qonağı, aparıcı Fazil Şamilzadə isə bildirib ki, qrupun məqsədi Azərbaycanda “standup” şoular istiqamətində inkişafa nail olmaqdır: “Azərbaycanda “Sandup” şouları zəif inkişaf edib. Biz Azərbaycanda istedadlı gənclərin olduğunu sübut etmək istəyirik. “Standup” şouda bir nəfər çıxır və öz həyatından maraqlı və gülməli hadisələr danışır. Bizdə ancaq “KVN” inkişaf etdirilir. “Standup” şoular isə yoxdur. Bildiyimə görə, bu sahədə ancaq Fərda Xudaverdiyev çıxış edir. Biz isə bu sahəyə təsadüfən gəldik. İstedadlı gənclərin axtarışı ilə bağlı elan verilmişdi. İlk çıxışımız tanınmış “standup”çı  Dmitri Romanovla birgə olmuşdu. Qrupda hərənin öz üslubu var”.

 

     

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar