Bu ilin fevral – may aylarında Qoleniou Mədəniyyət Evinin təşkilatçılığı və YUNESKO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə XXIII Beynəlxalq “Rəng Sənəti” İncəsənət Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, mövzusu “Nağıl, əfsanə və rəvayətlər ölkəsində” olan festivalın keçirilməsində əsas məqsəd gənclər arasında bütün növ bədii yaradıcılığın təşviq edilməsi, bu sahəyə marağın artırılmasıdır.
Festivalda 6-24 yaş arası uşaq və gənclər üç istiqamət – rəssamlıq, qrafika və foto sənəti üzrə iştirak edə bilərlər. İşlər martın 15-dək təşkilatçılara poçt vasitəsilə göndərilə bilər.
Festivalın qalibləri 28 may -1 iyun 2014-cü il tarixlərində Polşanın Qoleniou şəhərində keçiriləcək mükafatlandırma mərasiminə dəvət ediləcək və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, qaliblərin ezamiyyə xərcləri Festivalın təşkilatçıları tərəfindən ödəniləcək.