“Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu”
15 mart 2013 17:23 (UTC +04:00)

“Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu”

Martın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə konfrans iştirakçıları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Dövlət himni səsləndirildikdən sonra Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən video-kompozisiya nümayiş olunub.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının, ali təhsil müəssisələrinin, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbiri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev açıb. Rektor MTN-in keçdiyi şərəfli inkişaf yolundan, Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd edib.

 

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor qarşıdan gələn peşə bayramı münasibətilə MTN-in rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.


Milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev çıxış edərək deyib ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının milli təhsilimizdə öz yeri, mövqeyi vardır və əsası Heydər Əliyev tərəfindən qoyulan milli tərəqqi yolunun ən vacib istiqamətlərindən birinə cavabdehdir.
Qeyd olunub ki, Azərbaycanda idmanın inkişafı da ümummilli liderin adı ilə bağlıdır. Fiziki və mənəvi sağlamlığı vəhdətdə götürən ulu öndər bədən tərbiyəsinin və idmanın inkişafını sağlam və intellektual nəsil yetişdirməyin vacib şərtlərindən hesab edirdi. İdmana qayğının dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi səyləri sonrakı illərdə bu sahənin tərəqqisinə nail olunması üçün möhkəm təməllərin yaradılması ilə nəticələnib. Xüsusilə 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmanda böyük uğurların qazanılmasına gətirib çıxardı. Hazırda inamla davam etdirilən bu kursun ürəkaçan nəticələri kifayət qədərdir.

 

 

Nazir müavini Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını və Gənclər Fondunun yaradılmasını qeyd edərək, bunun ölkədə gənclərin bütün arzu və istəklərinə, qayğı və tələblərinə cavab verən ardıcıl dövlət siyasətinin həyata keçirilməsinin növbəti təsdiqi olduğunu vurğulayıb.
 

 

Bildirilib ki, strateji məqsədlərinə doğru inamla irəliləyən Azərbaycan regional siyasətin formalaşmasına təsir edən potensialını ildən-ilə möhkəmləndirir. Nüfuzlu beynəlxalq yarışlarda Azərbaycan Respublikasının bayrağının qaldırılması, dövlət himninin səsləndirilməsi hər birimizdə iftixar hissi doğurur. Son illər xüsusilə artan bu uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, öncül mövqe tutmasına şərait yaratmışdır. London Olimpiadasında Azərbaycanın 10 medalla dünya üzrə 30-cu yerə çıxması bunun əyani sübutudur. Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi etmək haqqını qazanması idman sahəsindəki uğurlarımızın beynəlxalq aləmdə bir daha təsdiqidir.
“Gənclər ölkəmizin gələcəyinin, o cümlədən milli təhlükəsizliyinin perspektivinin təminatçısıdır”, - deyən nazir müavini bildirib ki, bu, böyük məsuliyyətdir. Nazir müavini son vaxtlar Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, erməni terrorunun ifşası sahəsində fəaliyyətdə uğurların əldə edildiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasının başlıca vəzifələrdən olduğunu bildirib. Bu fəaliyyət, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olunması hansı sahədə çalışmasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə amalı və vəzifə borcudur.

 


Nazir müavini E.Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışaraq bildirib ki, ötən əsrin 50-60-cı illərində Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışması ilə bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi ilə xarakterizə edilən yeni dövr başlanıb:

 

“Bu orqanların müstəqil Azərbaycan Respublikasının maraqlarına xidmət edən bir struktur kimi yenidən formalaşması da bilavasitə ümummilli liderin adı ilə bağlıdır. 1993-cü ildən başlanan bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırkı dövrdə də uğurla davam edir. Müvafiq formalaşma və inkişaf prosesi nəticəsində hazırda Milli Təhlükəsizlik Nazirliyi - kəşfiyyat və əks-kəşfiyyat, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bir dövlət orqanı səviyyəsinə yüksəlib. Ötən il həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının suverenliyi və təhlükəsizliyinə qarşı casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən bir qrup şəxs ifşa olunub. Ölkəmizdə keçirilən “Eurovizion-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın bütün hüquq mühafizə orqanlarının xüsusi plan əsasında məqsədyönlü və əlaqəli şəkildə gördüyü tədbirlər bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısını alınmasına imkan verib. Narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan ticarəti, kiberterrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə hazırda milli təhlükəsizlik orqanlarının mühüm fəaliyyət istiqamətlərindəndir. Son dövrlər dünyada cərəyan edən proseslər, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, terrorçuluq, müxtəlif radikal meyllərlə üzləşmək təhlükəsi bizdən hərtərəfli diqqətli olmağı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa səfərbər etməlidir. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onlardan asılı olduğunu bir an belə unutmamalıdırlar. Yaddan çıxarmamalıyıq ki, inkişafımıza qısqanclıqla yanaşan, onun qarşısını almağa çalışan qüvvələr də var. Həm xaricdə, həm də daxildə olan belə qüvvələr gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq vətənpərvər gənclərimiz belə yad təsirlərdən uzaqdırlar. Onlar ölkənin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər. Əminik ki, gənclərimiz ulu öndərin zəngin irsini dərindən öyrənməklə, milli maraqlarımızın və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməklə onu əməli işə çevirəcəklər”.

 


Cəmiyyətdə təhlükəsizlik orqanlarının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, dövlət başçısının rəhbərliyi ilə bu sahədə görülən işlərin nəticəsi kimi Azərbaycanın bu gün dünyada ən sabit ölkələrdən olduğunu diqqətə çatdırıb.
Akademiyanın ictimai elmlər kafedrasının müdiri, dosent Fərhad Mehbalıyev və digər çıxışçılar milli təhlükəsizlik orqanlarının fəaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini, xalqımızın maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini, bütün vətənsevər azərbaycanlılar kimi Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bildiriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar