“Məqsəd qəzet yayımı ilə bağlı problemləri aradan qaldırmaqdır ”
02 dekabr 2013 18:21 (UTC +04:00)

“Məqsəd qəzet yayımı ilə bağlı problemləri aradan qaldırmaqdır ”

Bu gün Mətbuat Şurasının (MŞ) qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının iclası keçirilib. Lent.az-ın verdiyi məlumata görə, yayım firmaları nümayəndələrinin iştirakı ilə baş tutan toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuranın tərkibində yeni yarıdılmış komissiya prezident İlham Əliyevin noyabrın 24-də kütləvi informasiya vasitələri rəhbərləri ilə keçirdiyi görüşdə səslənmiş təkliflərin icrası məqsədilə formalaşdırılıb: “Qurumun başlıca məqsədi qəzet yayımı sahəsindəki məsələləri qarşılıqlı şəkildə müzakirə edərək yaranmış problemləri aradan qaldırmaqdır”.

 

Öncə paytaxtdakı yeni qəzet köşklərində yayım işini həyata keçirən «Əks-səda» firmasının rəhbəri Vüqar Həsənli ilə söhbət aparılıb. Bildirilib ki, hazırda yeni köşklərdə qəzet satışından tutulan faiz dərəcəsi yüksəkdir. Müzakirələr nəticəsində mövcud status-kvonu aradan qaldırmağın mümkünlüyü rəyinə gəlinib. Hər bir halda faiz dərəcəsinin satış prosesində iştirak edən bütün tərəfləri məqbul saymasının vacibliyi vurğulanıb. V.Həsənli qəzet satışı işində səmərəliliyi artırmaq üçün satıcılarla əlavə iş aparılmasının zəruriliyini əsaslandırıb. Təklif komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilib.

 

«Qaya» Mətbuat Yayımı firmasının direktoru Xanhüseyn Əliyevlə də oxşar müzakirələr aparılıb. Eyni zamanda «Qaya»nın köşkləri ilə bağlı məsələ ətrafındakı durum da diskussiya predmetinə çevrilib, onların yerləşməsi vəziyyəti araşdırılıb. Qəzet köşklərinin sayının çoxluğu satış faizinin artırılmasında önəmli cəhət kimi vurğulanıb.

 

İclasda ümumən bildirilib ki, ölkənin bütün bölgələrində, xüsusən də paytaxt və ona yaxın yaşayış məntəqələrində qəzet köşklərinin sayının artırılması vacibdir. Bu məqsədlə komissiya üzvlərinin yerlərdə monitorinqlərə başlaması qərara alınıb. Monitorinq köşklərin dəqiq dislokasiya nöqtələrini müəyyənləşdirəcək. Komissiya üzvləri Bakı ilə yanaşı, xüsusən də Gəncə və Sumqayıt şəhərlərində yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğunu önə çəkiblər.

 

Sonda qərara alınıb ki, komissiya yaxın üç-dörd gün ərzində paytaxt ərazisində monitorinq apararaq qəzet köşklərinin yerlərini, oradakı satışın vəziyyətini dəqiqləşdirsin və müvafiq hesabat hazırlayaraq Şuranın İdarə Heyətinə təqdim etsin.

 

Eyni zamanda komissiyanın satış işinin daha da səmərəli təşkili məqsədilə yayım firmalarının özlərindən də təklifləri qruplaşdırması məqbul sayılıb. Yekun təkliflər paketi Mətbuat Şurasının İdarə Heyətinin iclasında müzakirə olunacaq və ölkə rəhbərliyinə təqdim olunacaq.

 

Qeyd edək ki, MŞ-nin qəzetlərin yayım məsələləri ilə bağlı yaratdığı komissiyanın tərkibinə komissiya sədri V.Rəhimzadə ilə yanaşı, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev daxildir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar