Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Fərhat Gündoğdu “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbul prokurorluğunun koordinasiyası ilə aparılan “Hakimlər işi” çərçivəsində İstanbul, Ankara, Elazığ və Manisada əməliyyat keçirilib.
Əməliyyat zamanı MHK sədri Fərhat Gündoğdu ilə yanaşı, TFF Fəal Hakimlər Dərnəyinin sədri Fərdi Karadoruk, MHK-nın keçmiş sədr müavini Əhməd Şahin, MHK-nın keçmiş üzvü Yunus Yıldırım, MHK üzvü və TFF-nin təhsil və dördüncü bölgə üzrə məsulu Səbəhəddin Şahin, TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul şöbəsinin təşkilati məsələlər üzrə məsulu Alican Sağlar və İstanbul İl Hakimlər Şurasının sədri Əmrə Kosif tutulublar.
Şübhəlilər barəsində “mobbing” (iş yerində psixoloji təzyiq və rəsmi sənədlərin saxtalaşdırılması) ilə bağlı şikayətçi iddialarının və müəyyən faktların olduğu bildirilir.
İş çərçivəsində açıq mənbələrdən əldə edilən məlumatlar, Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) materialları, telefon əlaqələri üzrə HTS qeydləri, şikayətçi və şahid ifadələri, eləcə də ekspert rəyləri araşdırılır.