Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyi: “İstehsalçı bir-iki ölmüş heyvan ətini ümumi xammala vurmaqla yüz tonlarla məhsulu xarab etməz”
Azərbaycan Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyi ölkədə istehsal edilən kolbasa məhsullarının kartondan və ya ölü heyvan ətindən hazırlandığı ilə bağlı iddialara münasibət bildirib.
Azərbaycan Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyinin sədri Fuad Qulubəyov APA-ya açıqlamasında bildirib ki, dünyanın heç bir ölkəsində kolbasa məhsulları istehsalı texnoloji xəttində kartonu ətə çevirmək imkanları yoxdur.
F.Qulubəyov deyib ki, məhsul istehsalında ölmüş heyvanların ətindən istifadəni iddia etmək üçün ən azı laboratoriya sınaqlarının nəticəsi tələb olunur: “Biz əminik ki, ölkəmizdə bu nəticələri əldə etmək mümkünsüzdür. Çünki heç bir istehsalçı bir-iki ölmüş heyvan ətini ümumi xammala vurmaqla yüz tonlarla məhsulu xarab etməz. Bu, ən azı aparılan güclü dövlət nəzarəti və istehlakçı hüquqlarının qorunması ilə bağlı dövlətin apardığı siyasət nəticəsində mümkün deyil. Azərbaycanda istehsal olunan ət məhsullarının üzlüyündə o məhsulların tərkibi haqqında müfəssəl məlumatlar yer almaqdadır. Bu gün ətlə yanaşı, kolbasaya bitki mənşəli zülallar, ən inkişaf etmiş ölkələrdə istehsal olunmuş ədviyyatlar, su, yağ, qida əlavələri vurulmaqdadır. Məhsulların tərkibi dövlətin müvafiq qurumları tərəfindən təsdiq olunmuş resepturalarda öz əksini tapıb. O cümlədən qablaşdırma üçün istifadə olunan müasir avadanlıqların imkanları nəticəsində ət məhsullarında bakterioloji çirklənmənin faizi sıfıra enib”.
Tərkibində 6 iri ət və ət məhsulları istehsalçılarını birləşdirən Azərbaycan Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyi bir sıra mətbu orqanları ən son texnologiyalar əsasında qurulmuş müəssisələrdə müasir standartlara uyğun istehsal olunan məhsulların Azərbaycan istehlakçısının gözündə aşağılamamağa, yerli məhsullara inamsızlıq yaratmamağa çağırıb: “Biz ət və ət məhsullarının istehsalının hazırkı vəziyyətini əyani görmək istəyən istənilən maraqlı şəxsləri (bu sırada mətbuat nümayəndələrini xüsusi vurğulamaq istəyirik) müəssisələrə dəvət edirik, kolbasa məmulatlarına vurulan xammallardan tutmuş, son qablaşdırmaya qədər olan vəziyyəti görməklə onlarda real təsəvvür yaranmasının tərəfdarıyıq. Bunun üçün bütün imkanları yaratmağı öz öhdəmizə götürürük”.